BQXK MANDATINA UYĞUN HUMANİTAR FƏALİYYƏT GÖSTƏRİR

XƏBƏRLƏR
26 yanvar 2017 | 04:01   
Paylaşın:        

Yanvarın 26-da Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin rəhbəri Elena Aymone Sessera ilə görüşdü.
Azərbaycanla BQXK-nin əlaqələrindən söz açan vitse-spiker qurumun münaqişə bölgələrindəki fəaliyyətinə toxundu, Qırmızı Xaç Komitəsi işçilərinin dünyanın hər yerində qaçqın və məcburi köçkünlərə, əsir və itkin düşənlərə göstərdikləri qayğıdan danışdı. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir və itkin düşmüş soydaşlarımızın aqibətini önə çəkdi.
2014-cü ildə Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərovla Şahbaz Quliyevin taleyindən narahatlığımız xanım Sesseranın diqqətinə çatdırıldı. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin müntəzəm pozulduğu, sərhədyanı bölgələrdə yaşayan dinc əhalimizin fiziki-mənəvi təcavüzə uğradığı bildirildi. Ötən ilin sonunda sərhəddə baş verən təxribat zamanı həlak olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun nəşinin Ermənistan tərəfdə saxlanılaraq qeyri-insani rəftara məruz qaldığı qeyd olundu. Bildirildi ki, yerli və beynəlxalq qurumların çoxsaylı müraciətlərinə, çağırışlarına məhəl qoymayan işğalçı Ermənistan beynəlxalq hüquq normaları, o cümlədən Cenevrə Konvensiyası ilə daban-dabana zidd olan mövqeyini davam etdirərək hələ də Çingiz Qurbanovun nəşini qaytarmayıb.
Milli Məclis Sədrinin müavini başçılıq etdiyi İnsan hüquqları komitəsinin bu məsələ ilə bağlı yanvarın 23-də bəyanat yaydığını, beynəlxalq təşkilatları bu istiqamətdə zəruri və təxirəsalınmaz tədbirlər görməyə çağırdığını bildirdi. Kəlbəcərli girovların, şəhid əsgərimizin nəşinin qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsini bütün imkanlarından istifadə etməyə çağırdı.
BQXK Bakı ofisinin rəhbəri Elena Aymone Sessera Çingiz Qurbanovun nəşinin qaytarılması məsələsini diqqətdə saxladıqlarını vurğuladı. Qurumun mandatı çərçivəsində yalnız humanitar fəaliyyət göstərdiklərini, siyasi məsələlərə qarışmaq səlahiyyətlərinin olmadığını bildirdi. BQXK nümayəndələrinin kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə vaxtaşırı baş çəkdiklərini, həmin prosesdə həkimin də iştirak etdiyini söylədi.
Söhbət zamanı əsir və girovların saxlanılması, döyüş zamanı həlak olanların nəşinin qarşı tərəfə qaytarılması kimi məsələlərin beynəlxalq təcrübədə necə tənzimləndiyi müzakirə olundu. Xanım Sessera bununla bağlı beynəlxalq hüquqdakı müddəalardan söhbət açdı.
Görüşdə BQXK ilə Azərbaycan arasındakı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU