ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ GÖRÜŞ

XƏBƏRLƏR
16 fevral 2017 | 05:02   
Paylaşın:        

Fevralın 16-da  Milli Məclisin Əmək və sosial  siyasət  komitəsinin sədri Hadi Rəcəbli Avropa Birliyinin TVİNNİNQ layihəsi    çərçivəsində Azərbaycana  ezam olunmuş  avstriyalı ekspertlər  Herbert  Paulişin, Olqa Zeçner və Azərbaycana Birgə Yardım  Təşkilatının (UAFA) direktoru  Qven  Börçellə görüşdü.
Komitə  sədri  bildirdi ki, görüşün məqsədi qonaqların “Sosial xidmət haqqında” qanunun mahiyyəti ilə əlaqədar bəzi  məsləhətləşmələr  aparmaq  istəyidir.   Qeyd  olundu ki, ölkəmiz 2004-cü ildən Avropa Sosial Xartiyasını ratifikasiya etmişdir. Sosial  xidmətlər  almaq  hüququ  Xartiyada əksini tapmış əsas  prinsiplərdən biridir. Hadi  Rəcəbli bu  sahədə  Azərbaycanda  görülən işlərdən  danışdı. Qeyd  olundu ki, dünya  təcrübəsində  sosial  xidmətlə  təkcə  dövlət  qurumları  deyil,  QHT-lərin, bələdiyyə  qurumlarının  da  məşğul olması  uğurla  tətbiq  olunur. Bu  Azərbaycan  parlamentinin qəbul  etdiyi  “Sosial  xidmət  haqqında” qanunun da əsas  yeniliyidir. Sənəddə  xidmətlərin böyük bir  qisminin  dövlət  sifarişi  əsasında  tenderlərdə  qalib  gəlmiş  QNT-lərə verilməsi  təsbit  olunur.  Özəl  sosial  xidmətin  bu  sahədə  əsas  məqam  olduğunu  vurğulayan komitə sədri bununla  əlaqədar  görüləcək  işlərdən söhbət  açdı.
 Milli Məclis  Aparatının Sosial  qanunvericilik şöbəsinin Əmək  qanunvericiliyi  sektorunun müdiri Adil Vəliyev   qanunda əksini tapan  sosial işçi, sosial xidmətçi, onların hüquq  və  vəzifələri,  evdə  stasionar, yarımstasionar,  sosial  məsləhət  yardımı, sağalması  mümkün olmayan xəstələrə  xidmət  və s.  sosial  xidmət  elementləri  barədə qonaqlara  məlumat verdi.
Avropa  Birliyinin TVİNNİNQ layihəsi  çərçivəsində Azərbaycana  ezam olunmuş  avstriyalı ekspertlər  Herbert  Paulişin və Olqa Zeçner  ölkəmizdə bu sahədə  görülən işləri yüksək  dəyərləndirdilər. “Sosial xidmət  haqqında”  qanunu olduqca  təkmil,  bu  sahəni  tam əhatə edən sənəd  kimi qiymətləndirən qonaqlar  bəzi  bölgələrdə -  Gəncədə, Xaçmazda, Lənkəranda layihənin uğurlu  tətbiqindən  söz  açdılar. Özəl  sosial  xidmətlə  bağlı  görüləcək  işlərin zəruriliyini  vurğuladılar.
Azərbaycana Birgə Yardım  Təşkilatının direktoru  Qven  Börçell   peşəkar  kadrların  çatışmazlığını  bu  sahədəki əsas  problem kimi  dəyərləndirdi. Azərbaycan  ali  və orta  ixtisas  təhsili  müəssisələrinin bu məsələyə diqqəti artırmasının, professional həkim, psixoloq,  ekspert, sosial işçi  hazırlığının  vacibliyini diqqətə  çatdırdı.
Görüşdə  bu sahədə maraq  doğuran bir  sıra  məsələlər barədə  geniş  fikir  mübadiləsi  aparıldı.

 

Milli  Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU