UKRAYNA-AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUQ QRUPUNUN ÜZVLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
20 fevral 2017 | 05:02   
Paylaşın:        

 Fevralın 20-də Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr  üzrə  işçi  qrupunun  üzvləri   ölkəmizdə  səfərdə olan  Ukrayna  Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun  üzvləri ilə  görüşdülər.
 Qonaqları səmimi salamlayan millət vəkili, işçi qrupun rəhbəri Rüfət Quliyev ölkələrimizin müxtəlif sahələrdə çoxtərəfli faydalı əməkdalığından geniş söz açdı. Səfərin ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə yaxşı töhfə verəcəyinə əminliyini bildirdi.  Deputatımız  xalqlarımız  arasında bir əsrdən artıq hökm sürən  tarixi  dostluqdan, əlaqələrimizin dərinləşməsində dövlət başçılarının qarşılıqlı görüşlərinin mühüm rolundan danışdı. O, beynəlxalq qurumlardakı birgə əməkdaşlığı da yüksək qiymətləndirərək dedi ki, Ukrayna hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın haqlı mövqeyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Rüfət  Quliyev  Ukraynada  300 min  soydaşımızın  yaşadığını,  dost ölkədə  onlar  üçün bütün  lazımi  mühitin  yaradıldığını, bu ölkənin həmvətənlərimizin  dogma  evinə çevrildiyini  diqqətə  çatdırdı.
Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Maksim Kuryaçiy səmimi qonaqpərvərlik  üçün təşəkkür edərək ölkələrimizin müxtəlif sahələrdəki yüksək əməkdaşlığından geniş söz açdı. Qanunverici orqanlar arasındakı əlaqələri yüksək qiymətləndirən qonaq ölkələrimiz  arasında iqtisadi, ticari, mədəni  əlaqələrin gücləndirilməsi sahəsində  perspektivlərdən danışdı. 
Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko   ölkələrimiz arasında diplomatik münasibətlərin inkişafından, millət  vəkili, işçi qrupun  üzvü Cavid  Qurbanov Azərbaycanla  Ukrayna  arasındakı  ticari  münasibətlərin  durumundan,  millət  vəkili Elmira  Axundova ədəbi əlaqələrimizdən söhbət  açdılar.
Görüşdə  qarşılıqlı  maraq  doğuran digər  məsələlər  barəsində geniş fikir  mübadiləsi  aparıldı. 

 

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU