ATƏT PA-nın İQTİSADİ KONFRANSINDA

XƏBƏRLƏR
08 may 2012 | 03:05   
Paylaşın:        

Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan parlamentinin nümayəndə heyəti “ATƏT regionunda iqtisadi əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi” mövzusunda keçiriləcək iqtisadi konfransda iştirak etmək üçün mayın 11-də Gürcüstanın Batumi şəhərinə səfərə yola düşəcək. Nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov və deputat Azay Quliyev daxildirlər. 
 Tədbirin açılış mərasimində konfrans iştirakçılarını ATƏT PA-nın sədri Petros Eftimiu, Gürcüstan Prezidenti Mixail Saakaşvili və Gürcüstan parlamentinin sədri David Bakradze salamlayacaq. ATƏT-in Parlament Assambleyasının təşkil etdiyi konfransda regional iqtisadi əməkdaşlığın fasiləsiz inkişafında və möhkəmləndirilməsində qurumun roluna nəzər salınacaq. İşgüzar investisiya mühitinin yaradılması, korrupsiya ilə mübarizə, nəqliyyat infrastrukturunun genişləndirilməsi, turizmin inkişafı perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.
İqtisadiyyat və ekologiya sahələrində əməkdaşlığın genişləndirilməsi vasitəsilə ATƏT regionunda sülhün və etimadın möhkəmləndirilməsi diqqət mərkəzində olacaq. Əmək miqrasiyası ilə əlaqədar Ümumdünya Əmək Təşkilatının fəaliyyəti müzakirə ediləcək.
 Dörd sessiyada davam etdiriləcək müzakirələrdə regional  əməkdaşlığı genişləndirməyin ən səmərəli metodları araşdırılacaq. Konfrans ATƏT regionunda iqtisadi təhlükəsizlik və səmərəlilik məsələlərinə xüsusi diqqət yetirəcək. Məruzə və çıxışlarda enerji ehtiyatlarının daşınma marşrutlarının, bərpa edilən enerjinin təhlükəsizliyi məsələlərinə də toxunulacaq.  Kiçik və orta müəssisələrin inkişaf yolları barədə fikir mübadiləsi aparılacaq.
Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova, eləcə də nümayəndə heyətimizin üzvləri iqtisadi konfransın bütün sessiyalarında yaxından iştirak edəcək,  təkliflərini qurum üzvlərinin nəzərinə çatdıracaqlar. Parlamentarilərimiz müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
Səfər mayın 15-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU