ÖLKƏLƏRİN ƏRAZİ BÜTÖVLÜYÜ VACİB MƏSƏLƏDİR

XƏBƏRLƏR
21 fevral 2017 | 05:02   
Paylaşın:        

Fevralın 21-də Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər.
Qonaqları mehribanlıqla salamlayan Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərindən söz açdı. Bu istiqamətdə Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenkonun fəaliyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, Azərbaycan Avropa ölkələri ilə  də müxtəlif sahələrdə əməkdaşlıq edir.
Avropa Şurası çərçivəsində ukraynalı həmkarlarla birgə fəaliyyətdən danışan Səməd Seyidov vurğuladı ki, dövlət səviyyəsində hər iki ölkədə Azərbaycanın və Ukraynanın ərazi bütövlüyü dəstəkləndiyi kimi, beynəlxalq təşkilatlarda da bu ölkələrin nümayəndələrinin həm Azərbaycanın, həm də Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi vacib məsələdir.
Görüşdə Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Maksim Kuryaçiy müstəqil Azərbaycan dövləti ilə diplomatik münasibətlərinin tarixindən söz açdı. Ötən il Ukrayna-Azərbaycan əlaqələrinin daha intensiv olduğunu söylədi. Hər bir ölkənin ərazi bütövlüyü məsələsinin vacibliyini vurğulayaraq qeyd etdi ki, hazırda Azərbaycan mövcud status-kvonu dəyişmək iqtidarındadır.
Sonra digər qonaqlar çıxış etdilər. Söhbət zamanı hər iki ölkədəki diaspor fəaliyyətinə də toxunuldu. Milli maraqların müdafiə olunması vacib sayıldı. Hazırda yalnız Avropanı deyil, bütün dünyanı bürümüş ikili standartlar məsələsi ətrafında fikir mübadiləsi aparıldı. Bu aktual problemin çözülməsi zərurəti vurğulandı. Ukrayna deputatları qeyd etdilər ki, siyasətdə ikili standartlar, ikili mövqe dünya nizamına böyük ziyan vurur.
Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rüfət Quliyev, Azər Kərimli iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU