MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
21 fevral 2017 | 05:02   
Paylaşın:        
Fevralın 21-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdü.
Qonaqları salamlayan Ziyafət Əsgərov bildirdi ki, Azərbaycan və Ukrayna tarixi dostluq köklərilə bir-birilərinə bağlıdır. Müstəqillik qazandıqdan sonra isə bu dostluq daha da inkişaf etməkdədir. Ölkələrimiz həmişə bir-birilərinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyir. Ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan və Ukrayna taleyüklü məsələlərdə eyni mövqedən çıxış edirlər. Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm rol oynayır. 
Ziyafət Əsgərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən icra edilməməsi barədə də məlumat verdi. 
Görüş üçün təşəkkürünü bildirən Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Maksim Pavloviç Kuryaçiy dedi ki, onların səfəri çox mühüm bir hadisəyə – Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edir. Dağlıq Qarabağ münaqişəsində Ukraynanın mövqeyi belədir ki, biz mövcud status-kvonu qənaətbəxş hesab etmirik.   
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, energetika sahəsində əməkdaşlıq və digər mövzularda da fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU