AZƏRBAYCAN – İNDONEZİYA DOSTLUQ TELLƏRİ DAHA DA MÖHKƏMLƏNİR

XƏBƏRLƏR
22 fevral 2017 | 05:02   
Paylaşın:        

Fevralın 22-də Milli Məclisin İndoneziya  ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan İndoneziya parlamentinin deputatları  ilə görüşü oldu. 
Qonaqları salamlayan  Milli Məclisin deputatı, qrupun rəhbəri Bəxtiyar Əliyev xalqlarımız  arasındakı dostluq  əlaqələrindən danışdı. Bildirildi ki,  Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir. Ölkəmiz  Avropa   enerji  təhlükəsizliyi prosesində  önəmli rola  malikdir.  Qrupun rəhbəri qonaqlara parlamentin strukturu,  qanun yaradıcılığı  prosesi  barədə   ətraflı məlumat verdi. Azərbaycanda elm, təhsil, mədəniyyət və idman  sahəsində  qazanılan uğurları  vurğulayan  millət  vəkili ölkə Prezidenti  tərəfindən 2017-ci ilin  “İslam həmrəyliyi ili” elan olunmasını qeyd etdi. Azərbaycanın ev  sahibliyi  etdiyi möhtəşəm  tədbirlərdən,  İslam  həmrəyliyi oyunlarına hazırlığın gedişatından  söz  açdı.
Sonra Bəxtiyar Əliyev qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin mövcud durumundan danışdı. Qeyd olundu ki, bu münaqişədə minlərlə insan şəhid olub, yüz minlərlə  insan hər  hansı formada zərər çəkib, ölkədə bir  milyondan  artıq  qaçqın və məcburi  köçkün  var. Amma bütün bunlara baxmayaraq Azərbaycan dövləti problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq  həllinə tərəfdardır. Çünki, münaqişə nəinki, Azərbaycanın, bütövlükdə  regionun  təhlükəsizliyini təhdid  edir.
İndoneziya parlament nümayəndə  heyətinin rəhbəri  Meutya Viada Hafid səmimi görüş üçün minnətdarlığını bildirdi, Azərbaycanda  olmaqdan  hədsiz sevinc  duyduqlarını vurğuladı.  Xalqlarımız arasındakı  münasibətləri yüksək qiymətləndirən  qonaq  qeyd  etdi ki, İslam  həmrəyliyi  oyunlarına  qatılmaq  üçün İndoneziyadan 200  atlet  Azərbaycana  gələcək.
Parlamentarilər arasında qarşılıqlı səfərlərin intensiv hal almasının zəruriliyini   dilə  gətirən  nümayəndə  heyətinin rəhbəri  Xocalı faciəsinin bütün dünyanı  sarsıdan bir  soyqırım olduğunu, Azərbaycan  torpaqlarına  təcavüzü pislədiklərini,  ölkəmizin ərazı  bütövlüyünü  dəstəklədiklərini dedi.  Dağlıq  Qarabağ probleminin  ədalətli,  beynəlxalq  hüquq  normalarına  uyğun  həllini  tapacağına  ümidvar  olduqlarını vurğuladı.   
Görüşdə qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlər barədə fikir mübadiləsi  aparıldı.
Söhbətdə Milli Məclisin deputatları Hikmət  Məmmədov, Elman Nəsirov,  İndoneziyanın Azərbaycandakı  səfiri  Hüsnan Bey Fenanie və  digər  rəsmi  şəxslər  iştirak  edirdilər.


Milli Məclisin
Mətbuat  xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU