MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
22 fevral 2017 | 06:02   
Paylaşın:        
Fevralın 22-də ölkəmizdə səfərdə olan İndoneziya Nümayəndələr Palatasının üzvləri Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşdülər. 
Ziyafət Əsgərov bildirdi ki, Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan multikultural dəyərlərə böyük önəm verir. Burada müxtəlif konfessiyaların və millətlərin nümayəndələri yaşayır. Lakin Azərbaycan ilk növbədə müsəlman dövlətidir. Bu il ölkə prezidentinin sərəncamı ilə Azərbaycanda İslam Həmrəyliyi ili elan olunmuşdur. Bu il ölkəmizdə 4-cü İslam Həmrəyliyi Oyunları keçiriləcək.  Müsəlman ölkələri Azərbaycanda bir araya gələcəklər ki, bu da İslam dünyası üçün önəmli məsələdir. Çünki müasir dünyada İslam dünyasının həmrəyliyinə böyük ehtiyac var.
Ziyafət Əsgərov diqqətə çatdırdı ki, Azərbaycan böyük müsəlman ölkəsi olan İndoneziya ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Parlamentlərarası əlaqələr yüksək səviyyədədir. İki ölkə arasındakı əməkdaşlığı genişləndirmək, ticarət dövriyyəsini daha da artırmaq üçün geniş imkanlar mövcuddur.  Azərbaycanın birbaşa iştirakı ilə regionda irimiqyaslı layihələr həyata keçirilir, ölkəmizin enerji təhlükəsizliyində rolu danılmazdır. 
Ziyafət Əsgərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verdi, onları maraqlandıran sualları cavablandırdı. Bildirdi ki, BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası münaqişə ilə bağlı çox ədalətli qərarlar qəbul etmişlər. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən problem hələ də həllini tapa bilmir.
Söhbət zamanı Ziyafət Əsgərov ölkələrimizin İslam Konfransı Təşkilatında əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyini də vurğuladı.
Görüş üçün minnətdarlığını bildirən İndoneziya parlament nümayəndə heyətinin rəhbəri xanım Meutya Viada Hafid diqqətə çatdırdı ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər onları da sevindirir.  İndoneziya da multikultural ölkə kimi tanınır. İndoneziya parlamentində 49 ölkə ilə, o cümlədən Azərbaycanla dostluq qrupu fəaliyyət göstərir. İndoneziyada Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi və ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri Xocalı soyqırımı barədə məlumatlıdırlar və Ermənistanın bu əməllərini pisləyirlər. İndoneziya BMT Təhlükəsizlik Şurasının bu barədə qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə tərəfdardır və münaqişənin tezliklə həllini istəyir. 
Qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyindən danışan qonaq Azərbaycanın neft sektoruna maraq göstərdiklərini də diqqətə çatdırdı.
Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı. 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU