MİLLİ MƏCLİSİN DEPUTATI ATƏT PA-DA XOCALI SOYQIRIMINDAN DANIŞIB

XƏBƏRLƏR
27 fevral 2017 | 11:02   
Paylaşın:        
23-24 fevral tarixlərində Vyanada ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası çərçivəsində bütün komitələrin birgə iclası keçirilib. İclasda Milli Məclisin deputatı Ülviyyə Ağayeva  da çıxış edib.
Ülviyyə Ağayeva çıxışı zamanı ATƏT PA-nın sessiyasında 1992-ci ilin fevralında xalqımıza qarşı törədilmiş hərbi cinayət-Xocalı soyqırımı haqqında danışıb. O, qeyd edib ki, 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana  silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal  altına düşüb. Bu işğal və etnik təmizləmə nəticəsində bir milyondan artıq insan öz doğma yurdundan, el-obasından didərgin düşüb. Günahsız insanlar qətlə yetirilib. Xalqımıza qarşı hərbi cinayət-Xocalı soyqrımı törədilib. Xocalı şəhərində soyqırım nəticəsində 613 dinc insan qətlə yetirilib. Onlardan 106 nəfəri qadın, 63-ü isə uşaqdır. İşğal olunmuş torpaqlarda ermənilər bizim tarixi və dini abidələrimizi məhv ediblər. ATƏT işğal edilmiş torpaqlara 2 dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu faktlar açıq şəkildə öz əksini tapıb.
 Daha sonra xanım millət vəkili qeyd edib ki, günahsız insanlar bu gün də erməni siyasətindən əziyyət çəkir. Əgər biz insan haqlarından, dünyada insan hüquqlarının pozulmasından danışırıqsa, mütləq bir milyondan artıq azərbaycanlının öz dədə-baba yurduna, böyüyüb boya-başa çatdığı doğma torpaqlarına qayıda bilməməsi, əzizlərinin qəbirlərini ziyarət etmək imkanlarından məhrum olması faktlarından da danışmalıyıq. Bu, acı həqiqətdir.
Ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycanın tarixi torpaqlarıdır. Ölkəmizin ərazi bütövlüyü bərpa olunmalı və beynəlxalq hüquq təmin edilməlidir.
ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası çərçivəsində “İnsan təhlükəsizliyinin ölçülməsi” mövzusunda dəyirmi masa da keçirilib.  Tədbirdə münaqişə zonalarında yaşayan insanların təhlükəsizliyi və hüquqlarının qorunması əsas müzakirə mövzusu olub.
Millət vəkili Ülviyyə Ağayeva Dağlıq Qarabağ münaqişəsinə toxunaraq münaqişə zonalarında, xüsusilə, təmas xəttində yaşayan insanların təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Xanım deputat bildirib ki, öz doğma yurdundan, el-obasından zor gücü ilə qovulmuş, didərgin düşmüş, köçkün həyatı yaşamağa məhkum olmuş insanların da hüquqlarının pozulması faktı daim diqqət mərkəzində olmalıdır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU