Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımının qurbanları anılıb

XƏBƏRLƏR
27 fevral 2017 | 05:02   
Paylaşın:        

Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Ölkəmizin Avstraliyada fəxri konsuluğu tərəfindən təşkil edilən tədbirdə Avstraliya parlamentinin deputatı Kreyq Kelli, sənaye və elm nazirinin müavini Kreyq Londi, Türkiyənin Sidneydə baş konsulu Melih Karalar, buradakı Azərbaycan və Türk diasporlarının təmsilçiləri, ictimai xadimlər, şəhər sakinləri iştirak edirdilər.
Yığıncaqda Milli Məclisin deputatları Avstraliya ilə  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə iştirak edirdilər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra tədbirdə çıxış edən millət vəkili Xanlar Fətiyev bildirdi ki,  erməni millətçiləri öz çirkin əməllərindən əl çəkməyərək təmas xəttində yenidən gərginliyi artırır, atəşkəs rejimini mütəmadi olaraq pozurlar. Bu günlərdə Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Azərbaycan əsgəri Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub.
Xanlar Fətiyev çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sözlərini xatırlayaraq qeyd etdi ki, Azərbaycan heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.
Tədbirdə çıxış edən millət vəkili Asim Mollazadə çıxışında vurğuladı ki, bu gün o qorxunc faciənin 25-cü ildönümüdür. Bakıda bu qanlı faciənin ildönümündə minlərlə insan küçələrə çıxaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş yürüşdə iştirak edib.
Xocalı soyqırımının Azərbaycan xalqının tarixində XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən olduğunu bildirən millət vəkili, hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgə üçün ən böyük təhlükə mənbəyi olduğunu bildirib.
Türkiyənin Sidney şəhərində baş konsulu Melih Karalar Xocalı soyqırımı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq işində türk diasporasının rolundan danışdı. O, qeyd etdi ki, Xocalı soyqırımı heç zaman unudulmayacaq, şəhidlərin qanı yerdə qalmayacaq.
Avstraliya parlamentinin deputatı Kreyq Kelli qeyd etdi ki,  Xocalı soyqırımı kimi hadisələrin təkrarlanmaması üçün dünya ictimaiyyəti həqiqəti bilməlidir. O, bu həqiqətin çatdırılması üçün Avstraliyadaki Azərbaycan diasporasının rolunun  yüksək olduğunu bildirdi. Kreyq Kelli Azərbaycana səfərini xatırlayaraq olkəmizin müasirliyindən, xalqımızın tolerantlığından və qonaqpərvərliyindən danışdı.
Avstraliya hökumətinin sənaye və elm nazirinin müavini Kreyq Landi Xocalı soyqırımını törədənləri pislədi. O, Azərbaycan və Türkiyə diasporlarının rolundan danışdı.
Tədbirdə Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva, Avstraliyada səfirliyimizin təmsilçisi Elcan Həbibzadə, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond və digərləri çıxış edib öz ürək sözlərini söylədilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU