MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
27 fevral 2017 | 06:02   
Paylaşın:        
Fevralın 27-də ölkəmizdə səfərdə olan Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq Fondunun nümayəndələri Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşdülər.
Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hacı Salayev və qrupun üzvü Musa Quliyev demokratik, hüquqi dövlət quruculuğu yolu ilə irəliləyən ölkəmizdə həyata keçirilən islahatlar, qanun yaradıcılığı prosesi barədə qonaqlara geniş məlumat verdilər. Söhbət zamanı Estoniyanın dost ölkə kimi həm Azərbaycanın ərazi bütövlüyünü, həm də Xocalı soyqırımını tanıması yüksək qiymətləndirildi. 
Görüşdə ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin inkişafı, beynəlxalq qurumlarda, iqtisadi, mədəni, turizm sahələrində əməkdaşlığın gücləndirilməsinə dair geniş fikir mübadiləsi aparıldı. Hər iki tərəf münasibətlərin möhkəmləndirilməsində parlament diplomatiyasının mühüm rolunu vurğuladılar. 
Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq Fondunun nümayəndə heyətinin rəhbəri, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri  Einar Vallbaum bildirdi ki, Estoniyanın Azərbaycanla hələ sovet dövründən yaxşı münasibətləri var və bu gün ölkələrimiz müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala sahibdirlər.
Qonaqlar Estoniyanın kənd təsərrüfatı, informasiya texnologiyaları sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduqlarını diqqətə çatdırdılar. 
Görüşdə hər iki ölkənin iş adamlarına qarşılıqlı investisiya qoymağa çağırışlar səsləndi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU