Andre REYŞAR: “DAĞLIQ QARABAĞ MƏSƏLƏSİNDƏ AZƏRBAYCANIN HAQQ İŞİNİ DƏSTƏKLƏYİRİK.”

XƏBƏRLƏR
13 mart 2017 | 03:03   
Paylaşın:        

Martın 13-də Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Fransa Senatının nümayəndə heyəti ilə görüşdülər.
Qonaqları mehribanlıqla salamlayan Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təmsilçisi Cavanşir Feyziyev ölkələrimiz arasında dostluğun gündən-günə dərinləşdiyini söylədi. Durmadan genişlənən siyasi, iqtisadi, mədəni, regional münasibətlərimiz fonunda parlamentlərarası əlaqələrimizin mühüm rol oynadığını dedi. Milli Məclisdə Fransaya böyük maraq olduğuna görə bu görüşə müxtəlif komitələri təmsil edən deputatların qatıldığını bildirdi.
Senatın nümayəndə heyətinə başçılıq edən Fransa-Qafqaz dostluq qrupunun sədri Andre Reyşar Azərbaycana bəslədikləri xoş münasibətdən söz açdı. İş proqramının zənginliyinə baxmayaraq vaxt ayırıb onları qəbul etdiyinə və həyata keçirmək istədikləri layihələrə müsbət yanaşdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdi. Azərbaycanla daha sıx əməkdaşlıq etmək niyyətində olduqlarını dedi.
Ölkəmizin Dağlıq Qarabağ qayğısından söz açan Andre Reyşar qeyd etdi ki, bu məsələ barədə ətraflı məlumata malikdirlər. Bildirdi ki, Azərbaycanın torpaqları işğal olunub və biz bu problemin çözümü istiqamətində Fransada geniş iş aparırıq. Münaqişənin sülh yolu ilə həlli arzu ediləndir. Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq işinə dəstək verəcəyik.
Sonra görüşdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, sədr müavini Sevinc Fətəliyeva, komitənin üzvü Rasim Musabəyov fikirlərini bölüşdülər. Söhbət zamanı Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Gənclər və idman komitəsinin sədri Fuad Muradov, qonaqlardan senator Natali Qule və digər deputatlar çıxış edərək əməkdaşlığın genişlənməsi istiqamətində potensial imkanlardan danışdılar.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU