V QLOBAL BAKI FORUMUNUN İŞTİRAKÇILARI MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
17 mart 2017 | 10:03   
Paylaşın:        

Martın 16-da V Qlobal Bakı Forumunda iştirak etmiş Qırğızıstan Joqorku Keneşinin deputatları Milli Məclisdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər.
Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev ölkələrimiz arasında dostluq və qardaşlığın  tarixi köklərindən söz açdı. Qeyd etdi ki, həmin münasibətlər bu gün də davam edir. Müstəqillik dövründə Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığa dair 40-dan çox hökumətlərarası və dövlətlərarası sənəd imzalanıb. Həmçinin beynəlxalq səviyyədə TürkPA, ATƏT, AŞPA, MDB PA və digər nüfuzlu təşkilatlarda yaxından əməkdaşlıq edirik. Münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının özünəməxsus rolu var. Deputatların qarşılıqlı səfərləri faydalı təcrübə mübadiləsinə imkan verir.
Söhbət zamanı Dağlıq Qarabağ probleminə toxunan Musa Quliyev  diqqətə çatdırdı ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi, Xocalı soyqırımının tanınması xalqımız və dövlətimiz üçün çox həssas məsələdir. Bir sıra dövlətlər və ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edib. Digər dövlətlərin, o cümlədən Qırğızıstanın da Azərbaycanın haqq işini dəstəkləməsini, Xocalı soyqırımına obyektiv münasibət sərgiləməsini gözləyirik.
Görüşdə Joqorku Keneşin deputatı Bahadır Süleymanov vurğuladı ki, Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və birmənalı olaraq dəstəkləyir. Müstəqillik dövründə siyasi və diplomatik sahədə yaxşı münasibətlər qurmuşuq. Dövlət rəsmilərinin yüksək səviyyəli səfərləri əlaqələrimizə müsbət impuls verib. Milli Məclisin Sədri Oqtay Əsədovun Qırğızıstana səfərini səbirsizliklə gözləyirik. Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi, xüsusilə humanitar sahədə (mədəniyyət, turizm, idman  və s.) əməkdaşlığın genişlənməsi hər iki tərəf üçün faydalı olar.
Sonra Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov, Joqorku Keneşin deputatı Axılbek Jamanqulov, digər iştirakçılar fikirlərini bölüşdülər. Qonaqlar Azərbaycanın hər zaman çətin günlərdə Qırğızıstanın yanında olduğunu minnətdarlıqla vurğuladılar. Ölkəmizin tərəqqisi, V Qlobal Bakı Forumu barədə xoş təəssüratlarını bölüşdülər. Novruz bayramı münasibətilə azərbaycanlı həmkarlarına təbriklərini çatdırdılar.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU