AZƏRBAYCAN-ARGENTİNA MÜNASİBƏTLƏRİ GENİŞLƏNİR

XƏBƏRLƏR
17 mart 2017 | 01:03   
Paylaşın:        
Martın 16-da Azərbaycan-Argentina parlamentlərarası işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Argentina Senatının üzvü Xulio Sezar Kobosla görüşdülər. 
Qonağı salamlayan Azərbaycan-Argentina parlamentlərarası işçi qrupunun rəhbəri Rüstəm Xəlilov bildirdi ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra onun müstəqilliyini ilk tanıyan ölkələrdən biri Argentina olmuşdur. 1993-cü ildə isə iki ölkə arasında diplomatik münasibətlər qurulmuş və bu gün də uğurla inkişaf edir. Hər iki ölkənin səfirlikləri münasibətlərin inkişafında mühüm rol oynayır. İndiyədək iki ölkə arasında bir sıra mühüm sənədlər imzalanmış, ticarət və iqtisadi sahədə birgə işçi qrup yaradılaraq fəaliyyətə başlamışdır. 
Söhbət zamanı bildirildi ki, ikitərəfli münasibətlərin inkişafında parlamentlərin də böyük rolu var və parlamentlərarası münasibətlərin genişləndirilməsi üçün işlər davam edir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də fikir mübadiləsi aparıldı. Bildirildi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazimizin 20 faizi işğal edilib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bütün dünya bilir ki, Azərbaycan bu məsələni sülh yolu ilə həll etmək istəyir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə problem hələ də həllini tapmır.
Azərbaycana ilk dəfə səfər etdiyini deyən  Xulio Sezar Kobos səfərdən məmnunluğunu ifadə etdi, Azərbaycanın əldə etdiyi uğurlardan danışdı. Bildirdi ki, Azərbaycan gənc ölkə olsa da, qarşısında konkret məqsədi var və buna görə də biz onun parlaq gələcəyinə inanırıq. 
Azərbaycanın Şərqi Avropada söz sahibi olan ölkələrdən biri olduğunu deyən Xulio Sezar Kobos ölkəmizin Latın Amerikası və Şərqi Avropa regionları arasında əlaqələrin dərinləşməsinə öz töhfəsini verə biləcəyini diqqətə çatdırdı.
Xulio Sezar Kobos Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllini tapacağına ümidvar olduğunu qeyd etdi.
Sonra tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin deputatları Mirkazım Kazımov, Kamran Bayramov, Cavid Osmanov, Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva və digər rəsmi şəxslər iştirak edirdilər. 


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU