DEPUTATLARIMIZ MDB PARLAMENTLƏRARASI ASSAMBLEYANIN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
14 may 2012 | 05:05   
Paylaşın:        

Milli Məclisin bir qrup deputatı Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın toplantılarında iştirak etmək üçün mayın 14-dən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaqlar. Nümayəndə heyətinin tərkibinə parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Fəzail Ağamalı, Elmira Axundova, Elton Məmmədov, Aslan Cəfərov, Adil Əliyev, Rüfət Quliyev, İqbal Məmmədov və Mirkazım Kazımov daxildirlər.
Sankt-Peterburqun Tavriya sarayında MDB PA-nın 37-ci plenar iclasının, qurumun daimi komissiyalarının toplantılarının, V Neva Konqresinin keçirilməsi nəzərdə tutulub.
Parlamentlərarası Assambleyanın plenar iclasının gündəliyinə  “Mülkiyyət hüququ və onun müdafiəsi”, “Normativ hüquqi aktların korrupsiyaya qarşı ekspertizası”, “Sərhəd orqanları”, “İdman hazırlığı”, “Mədəni irsin obyektləri” haqqında, sair model qanunlar, və digər sənədlər daxil edilmişdir.
Təşkilatın Şura yığıncağında daimi komissiya sədrlərinin təsdiq edilməsi, MDB ərazisində əmək miqrasiyasının iqtisadi səmərəliliyi və  insan alverinə qarşı tədbirlərə həsr olunmuş dəyirmi masaların nəticələri, qurumun müşahidəçilərinin Ermənistanda parlament seçkilərinin monitorinqində iştirakı, model qanunvericiliklə bağlı perspektiv planda dəyişikliklər edilməsi haqqında məsələlərə baxılacaq.
Daimi komissiyaların toplantılarında aidiyyəti üzrə MDB ölkələrində dövlət başçılarının seçkiləri ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi, milli referendumlar, quruma üzv ölkələrin regional əməkdaşlığı, yerli özünüidarəetmənin və yerli maliyyənin təşkilinin ümumi prinsipləri, elektron sənəd, ekoloji təhlükəsizlik, xalq yaradıcılığı nümunələrinin mühafizəsi və digər müxtəlif səpkili hüquqi aktlarla bağlı  müzakirələr aparılacaq.
Millət vəkilləri keçiriləcək tədbirlərdə yaxından iştirak edəcək, qaldırılan mövzular barədə fikirlərini bölüşəcəklər.
Səfər zamanı deputatlarımız həmçinin V Neva beynəlxalq ekoloji konqresinin işinə də qatılacaqlar. Tədbirdə ekoloji təhlükəsizliyin təmin edilməsi, ekoloji mədəniyyətin formalaşması, bu istiqamətdə dövlətin, işgüzar dairələrin, vətəndaş cəmiyyətlərinin qarşılıqlı fəaliyyətinə dair fikir mübadiləsi aparılacaq.
Səfər mayın 20-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU