MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
18 aprel 2017 | 06:04   
Paylaşın:        

Aprelin 17-də Milli Məclis Sədrinin müavini Bahar Muradova beynəlxalq ekspert, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin (CEDAW) üzvü xanım Pramila Patten ilə görüşdü.
Parlament rəhbərliyi adından qonaqları salamlayan Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirdi ki, gender əsaslı zorakılıqla mübarizə dünya qadınları üçün vacib məsələdir. Zorakılıqsız cəmiyyət hər kəsin arzusudur. BMT və onun qurumları ilə fəal əməkdaşlıq edən Azərbaycan bu sahədə də mühüm işlər görür. Milli Məclis lazımi qanunları qəbul edib. Həyatın tələbinə uyğun olaraq zaman-zaman həmin qanunlara müvafiq dəyişikliklər olunur. 
Xanım Pramila Patten bildirdi ki, hazırkı səfəri “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” adlı 2 illik layihə çərçivəsində baş tutur. Layihənin əsas məqsədi bu sahədə səmərəli cavab mexanizminin yaradılmasında Azərbaycan hökumətinə dəstək verməkdir. Layihənin komponentlərindən biri “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq məişət zorakılığının qarşısının alınması  və qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası əlaqələndirmə şurasının yaradılması, həmçinin Milli Fəaliyyət Planının hazırlanmasıdır. P.Patten qeyd etdi ki, hökumət nümayəndələri ilə ölkəmizdə keçirdiyi görüşlər zamanı toplanmış məlumatlar təhlil ediləcək,  Milli Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanması prosesində istifadə olunması üçün tövsiyələr şəklində hökumətə təqdim olunacaq.
Görüşdə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü və qurumun Miqrasiya komitəsinin sədri, qadınlara qarşı zorakılıqla mübarizə üzrə AŞPA-nın baş məruzəçisi, həmçinin  “Zorakılıqdan azad qadın” parlament şəbəkəsinin rəhbəri və siyasi əlaqələndiricisi Sahibə Qafarova mövzu ilə bağlı çıxış edərək ölkəmizdə görülən işlərdən danışdılar.
Səmərəli fikir mübadiləsinin  aparıldığı görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanlı, BMT-nin Əhali Fondunun və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndələri iştirak edirdilər. 

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU