AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASINDA

XƏBƏRLƏR
21 aprel 2017 | 06:04   
Paylaşın:        
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov  və bir qrup deputat AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün aprelin 23-dən 30-dək Strasburqda səfərdə olacaqlar.
Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildirlər.
Sessiya dövründə AŞPA-nın son 6 ay ərzində fəaliyyəti barədə və Türkiyədə demokratik institutların fəaliyyəti barədə məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır. Türkiyə ilə bağlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin bütün üzvlərinin çıxışları nəzərdə tutulmuşdur. 
Bundan başqa, sessiya çərçivəsində Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Muijneksin 2016-cı il üzrə hesabatı olacaq, suallara cavab veriləcəkdir.
Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA komitələrinin və siyasi qruplarının işində də iştirak edəcəklər.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvü Sahibə Qafarova AŞPA Bürosunun da tədbirlərinə və təşkilatın gələcək fəaliyyəti ilə bağlı müzakirələrə qatılacaqdır. 

Milli Məclisin 
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU