BELÇİKA NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ OLDU

XƏBƏRLƏR
04 may 2017 | 07:05   
Paylaşın:        

Mayın 4-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva ölkəmizdə səfərdə olan Brüssel-Paytaxt Regionu Parlamentinin vitse-prezidenti Emin Özkaranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Sevinc Fətəliyeva qonaqları salamlayaraq, təmsil etdiyi komitə barədə məlumat verdi. O, komitə üzvlərinin qanunverici fəaliyyətlə yanaşı, müxtəlif beynəlxalq təşkilatların işində fəal iştirak etdiyini söylədi. Millət vəkili bu günlərdə Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmli olduğunu dedi və ölkəmizdə belə tədbirlərin artıq ənənə halını almasını qeyd etdi. Bildirildi ki, bu gün Azərbaycan multikulturalizm mərkəzinə çevrilib.
Sevinc Fətəliyeva ölkəmizin müstəqillik uğrunda keçdiyi keşməkeşki yol barədə söz açdı. Ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi, onun yaratdığı qaçqınlar problemi barədə danışdı. O, problemin sülh yolu ilə həllinin vacibliyini vurğuladı.
Diqqətə çatdırdı ki, bu gün Azərbaycan qüdrətli ölkəyə çevrilib. Biz dünyaya hər zaman açıq olduğumuzu nümayiş etdiririk. Azərbaycan mədəniyyətlərarası dialoqu daim təbliğ edib və ölkəmizdə müxtəlif vaxtlarda keçirilən çoxsaylı forumlar, mədəniyyət və idman tədbirləri dünya xalqlarının daha da yaxınlaşması baxımından böyük əhəmiyyət kəsb edir.
Brüssel-Paytaxt Regionu Parlamentinin vitse-prezidenti Emin Özkara səmimi görüşə görə nümayəndə heyəti adından təşəkkürünü bildirdi. O, 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədi ilə ölkəmizə səfər etdiklərini söylədi. Bunun, eyni zamanda, Azərbaycan xalqı və  mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaratdığını qeyd etdi. O, insanların bir-biri ilə qarşılıqlı hörmətə əsaslanaraq ünsiyyət qurmasını və əməkdaşlıq etməsini vacib hesab etdi.
Belçika nümayəndə heyətinin üzvü Bertin Mampaka Bakıya növbəti dəfə səfər etdiyi üçün məmnunluğunu ifadə etdi. Azərbaycanda müxtəlif sahələrdə müşahidə olunan dinamik inkişafın şahidi olduğunu söylədi. Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda Bakıda təşkil olunmuş Forumun əhəmiyyəti barədə danışdı. Xalqlar arasında düzgün münasibətlərin  formalaşmasında parlament  diplomatiyasının rolunu xüsusi qeyd etdi.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU