ABŞ-IN AYDAHO ŞTATININ SENATORU MİLLİ MƏCLİSDƏ OLDU

XƏBƏRLƏR
04 may 2017 | 06:05   
Paylaşın:        

Mayın 4-də  Milli Məclis  Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar,  energetika  və ekologiya  komitəsinin sədri Valeh Ələsgərov Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən ABŞ-ın Aydaho ştatının senatoru Marv Hagedon ilə görüşdü.
Qonağı  səmimi  salamlayan  Valeh Ələsgərov  bildirdi ki, ABŞ-Azərbaycan  münasibətlərinin  möhkəm  təməli var.  Bu dövlətin ayrı-ayrı  ştatları  ilə  ölkəmiz  arasında  qarşılıqlı  əlaqələri yüksək  dəyərləndirən vitse-spiker hər  zaman  bu münasibətlərin inkişafında  maraqlı olduğumuzu vurğuladı. O, qeyd etdi ki, Azərbaycan bərabərhüquqlu tərəfdaş kimi  əməkdaşlığın  inkişafına yüksək dəyər verir.
Parlament  sədrinin müavini bir neçə il öncə Aydaho ştatında  olduğunu dedi, bu bölgənin əsrarəngiz  təbiətini,  kənd  təsərrüfatı  və turizm sahəsində imkanlarını yüksək qiymətləndirdi. Qonağa  Azərbaycanın  həyata  keçirdiyi transmilli  layihələr  barədə ətraflı məlumat verən vitse-spiker neft, qaz, nəqliyyat sahəsində  uğurlarımızdan  söhbət  açdı.
ABŞ-ın Aydaho ştatının senatoru Marv Hagedon Azərbaycanla  bağlı yüksək  təəssüratlarını bölüşdü.  Qonaq qeyd etdi ki, Aydaho gənc dövlətdir. Azərbaycanın  böyük  sərvəti olan neft, qaz  ehtiyatlarının istismar edilməsi  sahəsində təcrübəsi öyrənməlidir. Qonaq  Bakıda  keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işini yüksək qiymətləndirdi  və ölkəmizi  böyük  mədəniyyətlərin məhək daşı  adlandırdı.
Görüşdə  qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlər  barəsində  fikir  mübadiləsi  aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU