ATƏT PA-nın Batumi konfransında

XƏBƏRLƏR
15 may 2012 | 05:05   
Paylaşın:        

Xəbər verildiyi kimi, Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti mayın 12-dən 14-dək Gürcüstanın Batumi şəhərində “ATƏT regionunda davamlı iqtisadi əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi” mövzusunda  keçirilmiş konfransda iştirak edib.
Nümayəndə heyətinin tərkibinə parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov və deputat Azay Quliyev daxildirlər.
Konfransı giriş sözü ilə ATƏT PA-nın Sədri Petros Eftimiu açdı. Sonra Gürcüstan parlamentinin Sədri David Bakradze çıxış etdi. O, yüksək səviyyəli beynəlxalq tədbirin ölkəsində keçirilməsindən qürürlu olduğunu bildirdi və Assambleya iştirakçılarını cari ilin oktyabr ayında Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak etməyə dəvət etdi.
Tədbirin açılış mərasimində Gürcüstan Prezidenti Mixeil Saakaşvili də çıxış etdi. O, ölkəsinin son illər ərzində əldə etdiyi nailiyyətlərdən danışdı: “Gürcüstan üçün Batumi dəyişiklik simvoludur. Burada səkkiz il öncə dəyişikliklər baş verdi, sərmayələr qoyuldu və hazırda iqtisadi inkişafın göstəriciləri nəzərə çarpır. Gürcüstanda ən böyük rastlaşdığımız problem korrupsiyanı aradan qaldırmaq deyil,  içtimaiyyətlə işləyən qulluqçuların mentalitetini dəyişmək idi. Buna da nail olduq.”
Konfransın birinci sessiyası “Regional iqtisadi əməkdaşlığın davamlı inkişafında və möhkəmləndirilməsində effektiv idarəetmənin rolu” mövzusunda müzakirələrlə başlandı. ATƏT-in İqtisadi məsələlər və ətraf mühit üzrə komitəsinin sədri, səfir Eustatius Lozos, Avropa İttifaqının Gürcüstandakı nümayəndəsi səfir Filip Dimitrov, Gürcüstan Milli Bankının sədri Qeorqi Kadaqidze və “Kato” İnstitutunun baş elmi işçisi Andrey İllarionov məruzələrlə çıxış etdilər.
Sonra işgüzar investisiya mühitinin yaradılması, korrupsiya ilə mübarizə, nəqliyyat infrastrukturunun genişləndirilməsi və turizmin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
“İqtisadiyyat və ekologiya sahələrində əməkdaşlığın genişləndirilməsi vasitəsilə ATƏT regionunda sülhün və etimadın möhkəmləndirilməsi” mövzusunda keçirilmiş ikinci sessiyada Gürcüstanın Baş nazirinin müavini, Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə nazir Qeorqi Baramidze, Gürcüstan Xarici İşlər Nazirinin birinci müavini Serqey Kapanadze, ATƏT-in iqtisadi və ekoloji fəaliyyətinin əlaqələndiricisi Qoran Svilanoviç, eləcə də ATƏT PA-nın miqrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Ketlin Ferrier çıxış etdilər.
Müzakirələr zamanı Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək, regionumuzda sülhə, təhlükəsizliyə, qarşılıqlı əməkdaşlığa, eləcə də iqtisadi və humanitar əlaqələrə ciddi maneə olan münaqişələrə toxundu. O,  Gürcüstanda münaqişələrə cəlb olunan tərəflər arasında etimad mühiti üzrə tətbiq edilən fəaliyyət planının həyata keçmə mexanizmləri ilə maraqlandı. Azərbaycanın da 1992-ci ildən başlayaraq, Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkməsini vurğulayan Azay Quliyev, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında etimadın yaradılmasının vacibliyini qeyd etdi, Azərbaycanın buna hazır olduğunu bildirdi. Lakin, indiyə qədər Ermənistan tərəfindən müsbət cavab olmadığını söylədi. Qeyd  edildi ki, Dağlıq Qarabağda erməni işğalçı qüvvələri yerləşdiyindən, Azərbaycan Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşları ilə birbaşa təmas qura bilmir. Daha sonra işğalçı ölkə ilə iqtisadi əlaqələrə münasibət bildirən Azay Quliyev bunun mümkün olmadığını belə izah etdi: “Əgər bir ölkə digər ölkənin müstəqilliyini və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərini tanımırsa, onun ərazisini 20 ildir ki işğal altında saxlayırsa və beynəlxalq hüquqa açıq şəkildə hörmətsizlik edirsə, belə ölkə ilə necə əməkdaşlıq etmək olar?” Sonda isə o, ATƏT PA-nın rəhbərliyinə müraciət edərək təklif etdi ki, etimad mühitinin yaradılması ilə bağlı mütləq bir mexanzm hazırlansın, qeyd olunan faktlar nəzərə alınmaqla bu istiqamətdə konkret addımlar atılsın və bu mexanizm Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının, AŞ PA və ATƏT-in qətnamələrinə uyğun şəkildə həllinə köməklik etmiş olsun.
Mayın 13-də “ATƏT regionunda iqtisadi təhlükəsizlik və səmərəlilik: regional çağırışlar və perspektivlər” mövzusunda keçirilmiş ücüncü sessiyada Gürcüstanın Energetika və təbii sərvətlər naziri Aleksandr Xetaquriya və İstanbulun Fatih Universitetinin İqtisadiyyat kafedrasının müdiri professor Murat Karagöz təqdimatlarla çıxış etdilər. Çıxışlarda regionda həyata keçirilən iri miqyaslı layihələrdə Azərbaycanın xüsusi rolu vurğulandı. Sessiyaya sədrlik edən ATƏT PA-nın Fəxri sədri J.Soareş Azərbaycanın regional strateji layihələrə verdiyi dəyərli töhfəni hər zaman qeyd etməyin vacibliyini söylədi.
Ümumi müzakirələr zamanı deputat Eldar İbrahimov çıxış etdi. O, tədbir iştirakçılarını “Əsrin müqaviləsi”, Azərbaycanın neft və qaz siyasəti, Gürcüstanla əlaqələri, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzrum kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilşi haqqında geniş məlumat verdi. Ölkəmizin enerji təhlükəsizliyinə verdiyi xüsusi diqqəti qeyd edərək, region üçün çox təhlükəli olan Ermənistandakı Metsamor atom elektrik stansiyasının böyük fəlakətə səbəb ola biləcəyini vurğuladı.  Stansiyanın regionda yaratdığı təhlükə haqqında Seulda keçirilmiş sammitdə və BMT TŞ-da səslənmiş fikirləri nəzərə çatdırararq dedi: “Zəngin təbii ehtiyatlara malik olan ölkəmiz bərpa olunan enerji mənbəyi vasitəsilə enerji istehsalına böyük önəm verir. Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün respublikamızda hər cür şərait mövcuddur. Bu gün artıq bir neçə külək generatoru quraşdırılıb, günəş enerjisi panelləri istehsal edən zavodun inşası başa çatır. Burada itsehsal ediləcək qurğuların satışı təkçə Azərbaycan üçün deyil, Avropa bazarı üçün nəzərdə tutulub.”
Mayın 14-də “Orta və kiçik müəssisələrin inkişafı” mövzusunda keçirilmiş dördüncü sessiyada Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Vera Kobaliya, ABŞ-ın Ticarət Palatasının Gürcüstandakı nümayəndəsi Devid Li və “USAİD”-ın Gürcüstandakı missiyasının rəhbəri Stiven Heykin çıxış etdilər.
Mövzu ilə bağlı müzakirələrdən sonra ATƏT PA-nın Sədri Petros Eftimiu və ATƏT PA-dakı Gürcüstan nümayəndə heyətinin rəhbəri, Gürcüstan parlamentinin vitse-spikeri Qeorqi Tsereteli konfransın işinə yekun vurdular.

* * *

Səfər çərçivəsində nümayəndə heyətimizin tədbirdə iştirak edən rəsmi şəxslərlə bir sıra görüşləri keçirildi.
Mayın 12-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Milli Məclisin vitse-spikeri Bahar Muradovanın Belarus nümayəndə heyətinin rəhbəri Antonina Morova ilə görüşü oldu. Görüşdə ATƏT PA-nın gələcək tədbirlərində qarşılıqlı maraq doğuran məsələlərdə nümayəndə heyətləri arasında əməkdaşlığın vacibliyi qeyd olundu.
Mayın 13-də Beynəlxalq katibliyin təşəbbüsü ilə Bahar Muradovanın ATƏT PA-nın Baş katibi Spenser Oliver, Baş katibin müavini Qustavo Pallares və Beynəlxalq katibliyin baş müşaviri Semyon Dzakayev ilə görüşü baş tutdu.
Görüş zamanı Milli Məclisin təşəbbüsü ilə ATƏT PA-nın 2014-cü ilin yaz sessiyasının Azərbaycanda keçirməsi məsələsi ətrafında fikir mübadiləsi aparıldı və ölkəmizin belə bir toplantıya ev sahibliyi etməsi üçün hər cür təşkilati və texniki imkanlarının olması vurğulandı. Qeyd olundu ki, Azərbaycanın son illər ərzində əldə etdiyi sosial və iqtisadi nailiyyətlər belə tədbirlərin keçirilməsinə şərait yaradıb. Bildirildi ki, inkişafın Azərbaycan modeli ATƏT-ə üzv dövlətlərin parlamentariləri üçün xüsusi maraq kəsb edir.
ATƏT-in dəyərlərinə hər zaman sadiq olan Azərbaycan haqqında fikir söyləyən S.Oliver, bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə dərin inamını ifadə etdi və bu əməkdaşlığın həm ATƏT, həm də Azərbaycan üçün çox önəmli olduğunu vurğuladı.
Bahar Muradova Monakoda keçirilcək 21-ci yay sessiyası zamanı müzakirəsi nəzərdə tutulan Siyasi və təhlükəsizlik məsələləri üzrə ümumi komitənin hesabatına ötən il Dubrovnikdə keçirilmiş növbəti payız sessiyası çərçivəsində Dağlıq Qarabağ üzrə xüsusi debatlar zamanı səslənmiş fikirlərin daha geniş şəkildə salınmasını təklif etdi və düzəlişlərin ediləcəyinə ümidvar olduğunu bildirdi.
Görüşdə Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş konsulu Hüseyn Nəcəfov iştirak etdi.
Mayın 13-də B. Muradovanın İsveçrə nümayəndə heyətinin rəhbəri, İsveçrə - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristin Yeqerzeqi-Obristlə görüşü keçirildi.
Görüşdə ötənilki seçkilərdən sonra İsveçrə parlamentinin yeni dostluq qrupu ilə Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-İsveçrə qrupu arasında gələcəkdə əməkdaşlığın dərinləşməsi, ATƏT PA-dakı Azərbaycan və İsveçrə nümayəndə heyətlərinin qarşılıqlı dəstəyi məsələləri müzakirə olundu.
Mayın 14-də Bahar Muradova Portuqaliya nümayəndə heyətinin üzvləri, eləcə də ATƏT PA-nın Fəxri Sədri, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Joao Soareşlə də görüşdü.
Görüş zamanı J.Soareşin Azərbaycana səfəri və iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU