BRÜSSEL-PAYTAXT REGİONU PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
04 may 2017 | 06:05   
Paylaşın:        

Mayın 4-də  Milli Məclis  Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar,  energetika  və ekologiya  komitəsinin sədri Valeh Ələsgərov Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Brüssel-Paytaxt Regionu parlamentinin nümayəndə heyəti ilə görüşdü.
Valeh Ələsgərov qonaqları  səmimi salamladı, onlara  parlamentin  fəaliyyətindən,  rəhbərlik etdiyi  komitənin işindən ətraflı  söz  açdı.  Bildirildi ki, Belçika Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Vitse-spiker ölkələrarası münasibətlərdən  danışdı, bu sahədə  böyük potensialın olduğunu, dostluq və əməkdaşlığın  genişləndirilməsinin vacibliyini  vurğuladı.
Müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığa toxunan Valeh Ələsgərov qeyd  etdi ki, Azərbaycan xarici ticarətdə Avropa Birliyi ölkələrinin əsas tərəfdaşıdır və ölkəmizdə fəaliyyət  göstərən yüzlərlə xarici şirkət arasında 20-dən artıq Belçika şirkəti də var. Qeyd olundu ki, ikitərəfli görüşlərin intensivləşdirilməsi  zəruridir  və bu Azərbaycanla Belçika arasında iqtisadi əməkdaşlığa böyük töhfə verə bilər. Brüssel parlamentarilərinə Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu transmilli  neft, qaz, nəqliyyat layihələri barədə    ətraflı məlumat verən Valeh Ələsgərov sonra ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən söhbət  açdı.  İşğalçı Ermənistanı monoetnik dövlət adlandıran vitse-spiker bildirdi ki, münaqişə nəticəsində 1 milyondan  artıq  soydaşımız  öz  doğma  evindən  didərgin düşüb,  qaçqına və məcburi köçkünə çevrilib. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə həyata keçirib. Amma bütün bunlara baxmayaraq Azərbaycan günü-gündən inkişaf edir və öz ərazilərinin bir  qarışını  da  düşmənə  verməyəcək. Torpaqlarımızı  mütləq  düşmən  tapdağından azad  edəcəyik.
Səmimi görüş və ətraflı məlumat  üçün Brüssel parlamentinin vitse-prezidenti Emin Özkara  minnətdarlığını  bildirdi. Azərbaycanla Belçika arasında  əlaqələrdən danışan qonaq qeyd etdi ki, Bakıda keçirdikləri görüşlər iki ölkə arasında əməkdaşlığa yaxşı imkanlar yaradacaq. IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işini yüksək qiymətləndirən Emin Özkara forum çərçivəsində Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaqlarını da vurğuladı.
Görüşdə  qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlər  barəsində ətraflı  fikir  mübadiləsi  aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU