MİLLİ MƏCLİSDƏ PAKİSTAN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ OLDU

XƏBƏRLƏR
05 may 2017 | 09:05   
Paylaşın:        

Mayın 4-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Pakistan Milli Assambleyası sədrinin müavini Murtaza Abbasinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Ziyafət Əsgərov qonaqları salamlayaraq, qeyd etdi ki, Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir. O, qonaqların ölkəmizə bu səfərinin Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna təsadüf etdiyini məmnunluqla söylədi. Bildirildi ki, müxtəlif səviyyəli nümayəndə heyətlərinin  səfərləri, keçirilən görüşlər və aparılan danışıqlar ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da möhkəmlənməsinə təkan verir.
Parlament Sədrinin birinci müavini bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olan Pakistanla əlaqələr  bir çox sahələrdə yüksələn xətlə inkişaf edir. Qanunverici orqanlar səviyyəsində əməkdaşlıq daha da möhkəmlənir.
Diqqətə çatdırıldı ki, ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb, iqtisadi, hərbi-texniki sahələrdə səmərəli əməkdaşlıq inkişaf edir.
Vitse-spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun fəsadları və aradan qaldırılması istiqamətində atılan addımlar barədə danışdı. O, müxtəlif dövrlərdə BMT-nin Baş Assambleyasında münaqişənin həlli ilə bağlı qəbul edilən qətnamələr barədə söhbət açdı və Pakistanın Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini yüksək dəyərləndirdi. Sədr müavini 2012-ci ildə  Pakistan Senatında Xocalı soyqırımı ilə bağlı qəbul edilən sənəddən məmnunluğunu ifadə etdi.
Ziyafət Əsgərov bildirdi ki, bu il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunub. Bu çərçivədə ölkəmizdə IV İslam Oyunları keçiriləcək. O, bu idman yarışlarında iştirak edəcək pakistanlı idmançılara müvəffəqiyyətlər arzuladı.
Pakistan Milli Assambleyası sədrinin müavini Murtaza Abbasi qonaqpərvərliyə görə təşəkkürünü ifadə etdi. Ölkəmizə səfərindən   məmnun qaldığını dedi. Bakıda keçirilən Forum münasibəti ilə təbriklərini çatdırdı və Forumun işinə uğurlar arzuladı. Bildirildi ki, qarşılıqlı səfərlər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir. Yüksək səviyyəli nümayəndə heyətlərinin, o cümlədən deputatların görüşləri, müxtəlif beynəlxalq tədbirlərdə səmərəli əməkdaşlığı çox önəmlidir.
Murtaza Abbasi ölkəsində həyata keçirilən Çin-Pakistan dəhlizi layihəsi barədə məlumat verdi. Ümid etdiyini bildirdi ki, bu layihənin reallaşması bütün müsəlman ölkələri üçün faydalı olacaq.
Söhbətdə tərəfləri maraqlandıran bir sıra aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU