MİLLİ MƏCLİSDƏ AZƏRBAYCAN VƏ YUNANISTAN PARLAMENT DOSTLUQ QRUPLARI ARASINDA GÖRÜŞ OLDU

XƏBƏRLƏR
06 may 2017 | 04:05   
Paylaşın:        

Mayın 6-da Milli Məclisdə Yunanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndəsi Andreas Loverdos ilə görüşü keçirildi.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yunanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Hadi Rəcəbli qonağı salamlayaraq, onunla görüşdən məmnun olduğunu söylədi. Qeyd edildi ki, qarşılıqlı səfərlər ikitərəfli dialoqun inkişafına və münasibətlərimizin möhkəmlənməsinə xidmət edir. Komitə sədri ölkələr arasında əlaqələrin inkişafında parlamentlərin rolundan danışdı. Bildirildi ki, qanunverici orqanlar arasında əməkdaşlığın  möhkəmlənməsində dostluq qruplarının fəaliyyəti böyük əhəmiyyət kəsb edir.
Hadi Rəcəbli Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə söhbət açdı. Burada müzakirə olunan məsələlərin bütün dünya ölkələri üçün aktual olduğunu söylədi. Bildirildi ki,  Azərbaycanda müxtəlif  xalqların, dinlərin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Multikultural dəyərlər ölkəmizdə hər zaman önəmli hesab olunub.
Səmimi qəbul üçün minnətdarlığını ifadə edən Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Andreas Loverdos dövlətlərarası münasibətlərin inkişafında parlamentlər səviyyəsində əlaqələrin xüsusi yer tutduğunu söylədi. Bildirildi ki, hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Yunanıstanlı deputat qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu dedi. Qonaq ölkəmizə ilk səfərlərini, burada keçirdiyi görüşləri xoş təəssüratlarla xatırladı. Bu illər ərzində Azərbaycanda müşahidə olunan inkişafdan məmnunluğunu ifadə etdi.
Andreas Loverdos Bakıda keçirilən Forumun əhəmiyyəti barədə danışaraq bildirdi ki, yüksək səviyyədə təşkil olunmuş bu tədbir ölkələr arasında münasibətlərin dərinləşməsinə, millətlərarası dialoqun inkişafına zəmin yaradacaq.
Görüşdə deputatlar Sevinc Fətəliyeva, Çingiz Qənizadə, İqbal Məmmədov və Azər Badamov iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU