SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
19 dekabr 2011 | 04:12   
Paylaşın:        

Dekabrın 15-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə iki qanun layihəsi daxil edilib.
Öncə 3-cü oxunuşda müzakirəyə çıxarılmış “Sosial xidmət haqqında” qanun layihəsi barədə məlumat verildi. Nəzərə çatdırıldı ki, cari ilin əvvəlindən komitədə olan həmin sənəd üzərində bir sıra zəruri dəyişikliklər aparılıb. Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsində layihə daha da təkmilləşdirilib. Qanun layihəsi ətrafında aparılan fikir mübadiləsində vurğulandı ki, ölkəmizdə çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyənləşdirən yeni qanun layihəsi 3-cü oxunuşa tam hazırdır və parlamentin plenar iclasına tövsiyə edilə bilər.
Sonra komitədə “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsinə baxıldı. Səhiyyə Nazirliyinin nümayəndəsi həmin xəstəlik barədə  məlumat verdikdən sonra suallara aydınlıq gətirildi. Müzakirə zamanı deputatlar qeyd etdilər ki, dünyada 2,5 milyon adamın əziyyət çəkdiyi bu xəstəliyə düçar olmuş şəxslərə dövlət qayğısının təşkili üçün öncə Azərbaycan üzrə dağınıq skleroz xəstələrinin statistikası aparılmalıdır. Sonra onlara qulluq göstərilməsi və müalicə məqsədilə dövlət büdcəsindən müvafiq vəsait ayrılmalıdır.
Ətraflı fikir mübadiləsinin yekununda komitə üzvləri qərara aldılar ki, hər iki qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunsun.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU