AVROPA PARLAMENTİ XARİCİ ƏLAQƏLƏR KOMİTƏSİNİN SƏDRİ PARLAMENTDƏ OLDU

XƏBƏRLƏR
22 may 2017 | 04:05   
Paylaşın:        

Mayın 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr  komitəsinin sədri, parlamentin AŞPA-dakı nümayəndə heyətinin  rəhbəri  Səməd  Seyidov  ölkəmizdə səfərdə olan  Avropa Parlamentinin (AP) Xarici əlaqələr komitəsinin sədri Devid MakAlisterin  başçılıq etdiyi  AP  təmsilçiləri  ilə  görüşdü.
Qonaqları salamlayan Səməd Seyidov Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsindən,  Avropa İttifaqı ilə əməkdaşlığın mövcud durumundan söz açdı. O, Azərbaycanın regionda böyük nüfuza sahib dövlət olduğunu ölkəmizin bir sıra məsələlərdə bütün dünya üçün nümunə olduğunu vurğuladı. Qeyd  olundu ki, Azərbaycan Avropa İttifaqı və Avropa Parlamenti ilə münasibətlərini qarşılıqlı hörmət, anlaşma əsasında davam etdirməyə, bunun üçün hər zaman açıq fikir  mübadiləsi aparmağa hazırdır.
Devid MakAlister ölkəmizdə İslam  Həmrəyliyi Oyunları  çərçivəsində  qonaqlar üçün yaradılan şəraitdən, göstərilən qonaqpərvərlikdən məmnunluğunu ifadə etdi. Azərbaycanda  keçirdikləri görüşlərin əməkdaşlığımızın dərinləşməsində  xüsusi  əhəmiyyəti olacağını  diqqətə çatdırdı. Qonaq parlamentlərarası münasibətlərin dərinləşməsinin yaxşı nəticə ilə yekunlaşacağına, bu münasibətlərin xalqlarımızın ümumi maraqlarına xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Söhbətdə qurumla ölkəmiz arasında əməkdaşlığın perspektivləri,  Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda və dünyada sülhün bərqərar olması üçün atılan addımlar, bu istiqamətdə səylərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin deputatları Fuad Muradov, Cavanşir Feyziyev və digər  rəsmi şəxslər  iştirak  edirdilər.
***
Görüşdən  sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr  komitəsinin sədri, parlamentin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri  Səməd  Seyidov  və   Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Devid MakAlisterin iştirakı ilə jurnalistlər üçün brifinq keçirildi. 
 Brifinqdə Devid MakAlister ölkəmizdə keçirilən  görüşlər, səfər müddətində aldığı təəssüratlar barədə jurnalistlərə geniş məlumat verdi.
Sonra  Devid MakAlister və Səməd  Seyidov KİV  nümayəndələrini  maraqlandıran  suallara ətraflı  cavablar  verdilər. 

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU