AVROPA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
22 may 2017 | 04:05   
Paylaşın:        

Mayın 22-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Hazırda Azərbaycanla Avropa Parlamenti arasında münasibətlərin yaxşı istiqamətdə inkişaf etdiyini vurğulayan I vitse-spiker Devid MakAlisterin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərindən məmnunluq ifadə etdi. Deputatların qarşılıqlı səfərlərini müsbət dəyərləndirdi. Azərbaycanın Cənubi Qafqazdakı öncül mövqeyi barədə məlumat verdi.
Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Devid MakAlister bildirdi ki, başçılıq etdiyi nümayəndə heyəti altı gün Cənubi Qafqazda olacaq, üç ölkədə görüşlər keçirəcək. Nümayəndə heyətinin tərkibinə Avropa Parlamentində təmsil olunan müxtəlif siyasi qrupların üzvləri daxildir. Səfərdən məqsəd Azərbaycandakı vəziyyətlə yaxından tanış olmaqdır.
 Bu gün səhər Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olduqlarını deyən qonaq həmin görüşdən çox zəngin təəssüratla ayrıldıqlarını vurğuladı. Milli Məclislə Avropa Parlamenti, həmçinin Avronest PA arasında əlaqələrin davamlı inkişafına ümidvar olduğunu bildirdi.
Görüşdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə danışıldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üçün beynəlxalq təşkilatların öz dəstəyini gücləndirməsi vacibliyi vurğulandı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU