MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
16 may 2012 | 06:05   
Paylaşın:        

Mayın 16-da Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvləri Almaniya Bundestaqının deputatı Folker Bek ilə görüşdülər.
Deputat Rövşən Rzayev qonağı səmimi salamlayaraq, işçi qrupun üzvlərini ona təqdim etdi. Millət vəkili iki ölkə arasında əlaqələrin qədim tarixi kökləri olduğunu xatırlayaraq, münasibətlərimizin bundan sonra daha da inkişaf edəcəyinə inamını ifadə etdi.
Söhbətdə Azərbaycanın Avropaya inteqrasiyası prosesində Almaniya təcrübəsinə böyük maraq göstərildiyi, demokratiyanın inkişafı sahəsində əməkdaşlığımızın vacibliyi vurğulandı.
Rövşən Rzayev Bundestaqın Cənubi Qafqazda vəziyyətlə əlaqədar qəbul etdiyi qərarın obyektivlik baxımından əhəmiyyətini qeyd etdi. Almaniyanın bundan sonra da ölkəmizin haqlı mövqeyini müdafiə edəcəyinə ümidvar olduğunu söylədi.
Görüşdə millət vəkilləri Əhliman Əmiraslanov, Fazil Mustafa, Xanlar Fətiyev, Fuad Muradov əlaqələrimizin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşdülər.
Səmimi qəbula görə minnətdarlığını bildirən Folker Bek ölkəmizə səfərindən məmnun qaldığını söylədi. Qonaq ölkəsinin regionda mövcud olan münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu bildirdi. O, bu problemin həllinin uzanmasının Cənubi Qafqazda inkişafa mane olduğunu dedi. Qonaq ölkəsi ilə Azərbaycan arasında əlaqələrin xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcəyinə inamını ifadə etdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU