MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
31 may 2017 | 06:05   
Paylaşın:        

Mayın 31-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputat Musa Quliyev “Azərbaycan Respublikasının Dayanıqlı İnkişafı” üzrə aparılan ardıcıl işin hüquqi bazasının gücləndirilməsi ilə bağlı BMT-ini İnkişaf Agentliyinin əməkdaşları ilə görüşdülər.
 Hadi Rəcəbli qonaqları Milli Məclisdə səmimi salamladı. O, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətimizin müstəqillik qazandığı ilk gündən etibarən BMT və onun ixtisaslaşdırılmış strukturları ilə əməkdaşlıq etdiyini söylədi. Bildirildi ki, təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığı, digər aidiyyəti qurumları üzləşdiyimiz problemlərin həllində həmişə öz köməkliyini göstərib. Diqqətə çatdırıldı ki, Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir. Parlamentdə müvafiq qanunlar qəbul olunur. Komitə sədri sosial sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verdi. Habelə qeyd edildi ki, ölkə başçısı tərəfindən Dayanaqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və bu Şuraya baş nazirin müavini Əli Əhmədov başçılıq edir.
Əhliman Əmiraslanov BMT-nin 2015-ci ildə qəbul etdiyi və     2030-cü  ilə qədər nəzərdə tutulan Dayanaqlı İnkişaf üzrə  Proqramının böyük əhəmiyyət kəsb etdiyini söylədi. Qeyd edildi ki, bu proqramın əsas məramı yoxsulluğun aradan qaldırılması, əhalinin sağlamlığının qorunması, ətraf mühitin muhafizəsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gender bərabərliyi və digər sahələrin inkişafına yönəlmiş bir lahiyədir. Biz də parlament olaraq ölkəmizin bu proqrama qoşulmasını alqışlayırıq. Komitə sədri diqqətə çatdırdı ki, ölkəmizdə səhiyyənin maddi-texniki bazası demək olar ki, yenindən qurulub, kadr hazırlığı sahəsində böyük işlər görülüb.
Milli Məclis tərəfindən əhali arasında böyük tələfata səbəb olan xəstəliklərlə mübarizə sahəsində proqram hazırlanıb. Ana və uşaq ölümləri üzrə göstəricilər azalıb,  bir çox yoluxucu xəstəliklərin kökü tamamilə kəsilib, dünyada  patologiyaların müalicəsi üçün vacib olan  bütün şərait Azərbaycanda mövcuddur.
BMT-nin İnkişaf Agentliyinin əməkdaşları Alessandro Fracassetti, Ben Sley, Şurençimeq Zohiolt və Cilian Vilkoks səmimi görüşə və ətraflı məlumata görə təşəkkürlərini ifadə etdilər. Qonaqlar ölkəmizdə həyata keçirilən quruculuq işlərini təqdir etdilər. Azərbaycanla BMT və onun strukturları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti barədə danışdılar. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişafı” üzrə aparılan ardıcıl işin hüquqi bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin önəmli olduğunu və bu prosesdə parlamentin rolunu yüksək qiymətləndirdilər.

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU