DEPUTATIMIZ AŞPA-nın KOMİTƏSİNDƏ MƏRUZƏ EDƏCƏK

XƏBƏRLƏR
18 may 2012 | 04:05   
Paylaşın:        
Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov qurumun Hüquqi işlər və insan haqları Komitəsinin iclasında iştirak etmək üçün mayın 20-dən 22-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.
Avropa Şurası Parlament Assambleyasının həmin komitəsində üzv ölkələrdə hüquq müdafiəçilərinin vəziyyəti, siyasi motivli cinayətə görə məsuliyyətin digər cinayətlərdən fərqləndirilməsi, insan haqları və ailə məhkəmələri mövzularında məruzələr dinləniləcək. İclasda siyasi məhbuslar məsələsinə yenidən baxılacaq.
*****
Daha sonra Rafael Hüseynov AŞPA-nın Mədəniyyət, elm və təhsil Komitəsinin iclasına qatılmaq üçün mayın 28-də Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfər edəcək.
Milli Məclisin deputatı Rafael Hüseynov həmin iclasda “Avropada ali təhsil məkanının möhkəmlənməsi və beynəlxalq şəffaflıq” mövzusunda məruzə edəcək. Sonra məruzə ətrafında müzakirələr aparılacaq.
Mədəniyyət, elm və təhsil Komitəsinin iclasında Avropada ali təhsil müəssisələrinin idarəçiliyi, həmçinin Avropada mədəniyyət və mədəni irs məsələlərinə diqqət yetiriləcək. Mədəniyyət, media, təhsil, elm, gənclər və idmanla bağlı fikir mübadiləsi aparılacaq.
Deputatımız AŞPA-nın hər iki komitəsində müzakirəyə çıxarılan məsələlərə Azərbaycanın maraqları baxımından mövqe bildirəcək.
Səfər mayın 31-də başa çatacaq.


Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU