AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
12 iyun 2017 | 05:06   
Paylaşın:        

İyunun 12-də ölkəmizdə səfərdə olan AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşdülər.
Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonaqları mehribanlıqla salamladı. Qurumun payız sessiyası üçün Azərbaycan barədə məruzə hazırlamaq məqsədilə ölkəmizə səfərə gələn həmməruzəçilərə uğurlar arzuladı. Qonaqlara məlumat verildi ki, Azərbaycan parlamenti çox aktiv fəaliyyətdədir. Avropa Şurası ilə birgə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün bütün imkanlar səfərbər olunub. Ölkəmiz götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirib. Səməd Seyidov qanunvericiliyin təkmilləşdirilməsi baxımından Cinayət Məcəlləsində aparılan dəyişikliklərdən də söz açdı.
AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Azərbaycana növbəti səfərdən məmnunluqlarını bildirdi. Yaxın günlərdə Milli Məclisdə keçirilmiş AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclasında iştirak edə bilməməsindən təəssüfləndiyini qeyd etdi. Belə tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirdi.
Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, əməkdaşlığın daha da möhkəmləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi kimi qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Görülən işlərdən və həyata keçiriləcək tədbirlərdən söhbət açıldı.  
Milli Məclisin deputatları AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərini maraqlandıran suallara aydınlıq gətirdilər. 
 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU