ALMANİYA BUNDESTAQININ DEPUTATI BAKIDA

XƏBƏRLƏR
18 may 2012 | 03:05   
Paylaşın:        

Mayın 18-də Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Almaniya Bundestaqının deputatı Frank Haynrixlə görüşdülər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, işçi qrupun üzvü Rövşən Rzayev qonağa ölkəmiz barədə ətraflı məlumat verdi. Dağlıq Qarabağ problemindən danışdı, Ermənistanın təcavüzü nəticəsində qaçqın-köçkün düşmüş soydaşlarımızın insan haqlarının pozulduğunu yada saldı. Bildirdi ki, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycan  Avropaya inteqrasiya edir. Demokratik dəyərlərin bərqərar olması istiqamətində mühüm addımlar atılır. Azərbaycan tolerant dövlətdir. Vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır. Milli Məclis ölkənin qanunvericilik bazasını daim zənginləşdirir və yeniləşdirir.
Almaniya Bundestaqının deputatı Frank Haynrix Azərbaycana ilk dəfə gəldiyini bildirdi. Vaxtilə ikiyə bölünmüş alman dövlətinin son 20 ildə keçdiyi yoldan  danışdı. Birləşdikdən sonra ADR-in AFR-in yolunu tutaraq irəlilədiyini qeyd etdi. Vurğuladı ki, müstəqilliyini qazanan Azərbaycan isə yeni dövlət quruculuğunda yalnız öz gücünə arxalanıb və qısa müddətdə böyük nailiyyətlər əldə edib.
Ölkəsindəki siyasi hadisələrdən, media azadlığından bəhs edən Frank Haynrix dedi ki, mətbuat bizim demokratiyanın bel sütunudur, lakin hər hansı KİV-in mövqeyi yalnız o orqanın mövqeyidir, nə Almaniya dövlətinin, nə də alman xalqının mövqeyi deyildir.
Görüşdə deputatlar Xanlar Fətiyev və Fazil Mustafa  fikirlərini bölüşdülər.


Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU