Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərovun APA İnformasiya Agentliyi müxbirinin sualına cavabı

XƏBƏRLƏR
16 iyun 2017 | 03:06   
Paylaşın:        

Sual: Bu il iyunun 15-də Avropa Parlamentində  “Əfqan Muxtarlı və Azərbaycanda mətbuatın vəziyyəti” adlı qətnamə qəbul edilmişdir. Bu qətnaməyə münasibətinizi bilmək istərdik.
Cavab: Avropa Parlamentində Azərbaycana qarşı belə bir addım atılmasından təəssüf hissi keçirirəm. Qətnamənin mətni ilə tanış olduqdan sonra məndə belə bir təəssürat yarandı ki, bu sənəd yoxlanılıb təsdiqlənməmiş məlumatlar, uydurma faktlar əsasında hazırlanmışdır.
Adı çəkilən qətnamənin qəbul edilməsi ona dəlalət edir ki, Azərbaycan Respublikasının həyata keçirdiyi müstəqil siyasət Avropada fəaliyyət göstərən antiazərbaycan qüvvələri, xüsusən erməni lobbisini narahat edir. Bu qüvvələrin təsiri və təzyiqi altında Avropa Parlamenti kimi ciddi qurum tərəfindən belə bir hərəkətə yol verilməsi Azərbaycanda anlaşılmazlıq doğurur.
2016-cı ilin sentyabr ayından Azərbaycanın Avronestdə fəaliyyətinin bərpa olunduğu və Azərbaycan Respublikasının Milli  Məclisi ilə Avropa Parlamenti arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi bir dövrdə bu cür qətnamənin qəbul edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyə bilməz.
Bunu da qeyd etməyi lazım bilirəm ki, Azərbaycan Avropa İttifaqının üzvü deyildir və onun qarşısında heç bir öhdəlik daşımır. Avropa Parlamentinin qətnaməsi Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir.
Ümid edirəm ki, Avropa İttifaqında və Avropa Parlamentində olan sağlam qüvvələr Azərbaycana qarşı yönələn bu cür qərəzli və bədxah hərəkətlərin qarşısını alacaqlar.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU