MİLLİ MƏCLİSDƏ OMBUDSMANLARLA GÖRÜŞ

XƏBƏRLƏR
16 iyun 2017 | 06:06   
Paylaşın:        

İyunun 16-da Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri  Bahar Muradova parlamentdə Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransının iştirakçıları ilə görüşdü. Görüşə Türkiyə Cümhuriyyətinin Baş ombudsmanı, Rusiya Federasiyasının Başqırdıstan, Dağıstan və Tatarıstan respublikalarının, həmçinin Moskva, Kaluqa, Saratov vilayətlərinin, Özbəkistanın və  Serbiyanın insan hüquqları üzrə müvəkkilləri, ombudsman Aparatlarının rəhbərləri qatılmışdılar.
Qonaqları Milli Məclisin rəhbərliyi adından salamlayan vitse-spiker Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolundan söz açdı. Ölkəmizdə müasir dəyərlərə xüsusi önəm verildiyini bildirdi. Bu gün Bakıda öz işinə başlayan “Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini yüksək dəyərləndirdi. Bildirdi ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri artıq formalaşdırılıb, bu istiqamətdə zəruri qanunvericilik bazası yaradılıb. Bu zəmində qəbul olunan qərarlar müsbət nəticələr verir.
İnsan hüquq və azadlıqlarının təmin edilməsi üçün həm beynəlxalq, həm də ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ölkələr arasında təcrübə mübadiləsinin aparılması vacibliyinə toxunan Milli Məclis Sədrinin müavini qeyd etdi ki, bu baxımdan Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı önəmli tribunadır.
Sonra Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova çıxış edərək ölkəmizdə ombudsman institutunun Milli Məclislə sıx əməkdaşlıq etdiyini vurğuladı. Bu barədə çoxşaxəli əlaqələri əks etdirən sanballı kitab hazırlandığını qeyd etdi. Azərbaycan parlamentinin ombudsman təsisatına dəstəyi barədə ətraflı məlumat verdi.
Görüşdə konfrans iştirakçılarına uğurlar arzulandı.

 

Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU