BOLQARISTAN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
30 iyun 2017 | 06:06   
Paylaşın:        

İyunun 30-da Milli Məclisin Bolqarıstanla  parlamentlərarası əlaqələr  üzrə işçi qrupu üzvlərinin ölkəmizdə  səfərdə olan Bolqarıstan parlamentinin Büdcə və Maliyyə üzrə komissiyanın   sədri Menda Stojanovanın başçılıq  etdiyi  nümayəndə heyəti ilə görüşü oldu.
Milli Məclisin Əmək  və sosial  siyasət  komitəsinin sədr  müavini, işçi qrupun rəhbəri Rauf Əliyev bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasındakı əlaqələr yeni müstəvidə inkişaf  edib. Biz bir çox sahələrdə, xüsusən də beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirik. O, qonaqlara parlamentin  fəaliyyəti,  qəbul  edilən sosialyönümlü  qanunlar  barədə ətraflı məlumat verdi. 
Sonra  Rauf  Əliyev Dağlıq Qarabağ münaqişəsi barədə danışdı. Qeyd edildi ki, münaqişə nəticəsində bir  milyondan  artıq  soydaşımız öz ölkəsində  qaçqın və məcburi köçkün həyatı yaşayır.  Bu problem nəinki Azərbaycanın, bütövlükdə  regionun  təhlükəsizliyini təhdid  edir. Ermənistan  problemin nizamlanması ilə bağlı  BMT-nin, Avropa  Şurasının qəbul  etdiyi qətnamələrə məhəl qoymur. 
Görüş üçün minnətdarlığını bildirən Menda Stojanova parlament müstəvisində fəal əməkdaşlığımızdan söz açdı. Əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu dedi. İqtisadi əlaqələrdən danışan qonaq ildən-ilə ticarət dövriyyəsinin  artdığını  dilə gətirdi. İndiyə  qədər  ölkələrimiz  arasında  70-dən  artıq  sənədin  imzalandığını   bildirdi. Ölkəmizə  dəfələrlə  səfər  etdiyini deyən  xanım qonaq Azərbaycanın çox zəngin təbii ehtiyatlara malik olduğunu qeyd  etdi.  
Söhbətdə  qarşılıqlı  maraq  doğuran  bir  sıra  məsələlər  barədə fikir  mübadiləsi  aparıldı.
Görüşdə Milli Məclisin deputatları Ağacan Abiyev, Xanlar Fətiyev, Mahir Aslanov, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və digər  rəsmi  şəxslər  iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU