PARLAMENT GÖRÜŞLƏRİ

XƏBƏRLƏR
30 iyun 2017 | 06:06   
Paylaşın:        
İyunun 30-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Bolqarıstan Parlamentinin Büdcə və maliyyə üzrə komissiyasının sədri Menda Stojanovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonaqları salamlayan Ziyafət Əsgərov bildirdi ki, Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Bolqarıstandır. Azərbaycan  Bolqarıstanla münasibətlərin inkişafına böyük önəm verir. İki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. 
Ziyafət Əsgərov qonaqlara Azərbaycanın həyata keçirdiyi iri iqtisadi layihələrdən, ölkəmizdə qeyri-neft sektorunun, turizmin inkişafı üçün görülən işlərdən danışdı. Bildirdi ki, uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim inkişafımıza mane olur. BMT Təhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır. 
Söhbət zamanı qonaqlara Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı barədə də məlumat verildi. 
Görüş üçün təşəkkürünü bildirən Bolqarıstan Parlamentinin Büdcə və maliyyə üzrə komissiyasının sədri Menda Stojanova qarşılıqlı münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının rolunu qeyd etdi. Bildirdi ki, siyasi və humanitar sahələrdə münasibətlərimiz yüksək səviyyədədir. İqtisadi münasibətlərimizi isə daha da inkişaf etdirmək lazımdır. Bunun üçün hər iki tərəfdə münbit şərait var. 
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.

*       *       *

Həmin gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə səfərdə olan Bolqarıstan Parlamentinin nümayəndə heyəti ilə görüşdü.
Qonaqları salamlayan Ziyad Səmədzadə Azərbaycanla Bolqarıstan arasında hər zaman yaxşı əlaqələrin olduğunu diqqətə çatdırdı. Səhiyyə, iqtisadiyyat, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində ikitərəfli əlaqələrin inkişaf etdiyini bildirən komitə sədri ölkələrimiz arasında digər sahələrdə də münbit əməkdaşlıq imkanlarının olduğunu qeyd etdi. Komitə sədri qonaqlara Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verdi.  
Bolqarıstan Parlamentinin Büdcə və maliyyə üzrə komissiyasının sədri Menda Stojanova müxtəlif sahələrdə olan əməkdaşlığın Azərbaycan və Bolqarıstan arasında əlaqələrin vacib hissəsini təşkil etdiyini söylədi. Bildirdi ki, bu əməkdaşlıq ölkələrimizin daha da yaxınlaşmasına şərait yaradıb. 
Qonaq Bolqarıstanın kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurlardan da danışdı. Söhbət zamanı iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulandı. 
 
Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU