PARLAMENT GÖRÜŞLƏRİ

XƏBƏRLƏR
06 iyul 2017 | 07:07   
Paylaşın:        

İyulun 6-da Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avstriya parlamentinin nümayəndə heyəti ilə görüşdü.
Azərbaycan-Avstriya əlaqələrindən danışan I vitse-spiker bildirdi ki, dövlət başçılarının qarşılıqlı rəsmi və işgüzar səfərləri, ölkələrimiz arasında imzalanmış Memorandum əlaqələrin inkişafına şərait yaradıb. Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu dostluq münasibətlərinin dərinləşməsinə özünəməxsus töhfə verir. Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycan bu istiqamətdə bir sıra qlobal və regional layihələrə imza atıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ziyafət Əsgərov ətraflı məlumat verdi. Erməni vandalizminin nəticəsi olan Xocalı soyqırımından, əsir və girovlarımızın aqibətindən, itkin düşmüş 3 min 118 Azərbaycan vətəndaşının taleyinin indiyədək naməlum qaldığından, terroru dövlət siyasəti səviyyəsinə qaldırmış Ermənistan rəhbərliyinin qanunsuz əməllərindən, ölkəmizdə törətdikləri çoxsaylı terrordan bəhs etdi. Azərbaycan torpaqlarının qeyd-şərtsiz qaytarılmasına dair hələ 1994-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, həmçinin sonrakı illərdə digər qurumların, Avropa Şurasının, Avropa Parlamentinin qəbul etdikləri müvafiq sənədlərin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini vurğuladı. İyulun 4-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində qətl edilən 2 yaşlı Zəhranın və nənəsi Sahibə Quliyevanın faciəsindən söz açdı. Beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa dövlətlərinin ikili standartlardan əl çəkərək bu hadisəyə münasibət bildirməli olduqlarını diqqətə çatdırdı. Hazırda ATƏT-ə sədrlik edən Avstriyadan Dağlıq Qarabağ probleminin çözümündə ədalətli mövqe umduğumuzu dedi.
Avstriya parlamentində ən böyük və ən nüfuzlu müxalifət partiyasını təmsil etdiklərini bildirən Yohanes Hübner səmimi etiraf etdi ki, hazırda ikili standartlar məsələsi beynəlxalq hüquqda özünü göstərir. Avropa Dağlıq Qarabağ münaqişəsini lokal məsələ kimi qəbul edir və düşünür ki, iki qonşu dövlət bu problemi öz aralarında həll etməlidirlər. Avstriya isə neytral siyasət yürüdür.
Sonra bu payız Avstriyada keçiriləcək parlament seçkilərindən söz açan Yohanes Hübner bildirdi ki, qələbəyə ümidlidirlər və Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar.
***
Avstriyalı qonaqlar Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüşdülər.
Komitənin sədr müavini Sevinc Fətəliyeva ölkəmizdə Azərbaycan-Avstriya münasibətlərinin inkişafına böyük önəm verildiyini bildirdi. Müstəqil Azərbaycan dövlətinin Şərqlə Qərb arasında körpü rolu oynadığını qeyd etdi. Hərtərəfli əməkdaşlığın genişləndirilməsi vacibliyini vurğuladı.
Deputat Azər Kərimli dünyadakı siyasi proseslərə toxundu, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi vacibliyinə dair fikirlərini bölüşdü, beynəlxalq siyasətdə ikili standartların doğurduğu acınacaqlı nəticələrdən  danışdı. 
Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşdə Avstriya parlamentinin deputatları Yohanes Hübner siyasi məsələlərə dair görüşlərini açıqladı, Aksel Kasseger iqtisadi sahədə əməkdaşlıqla bağlı fikirlərini diqqətə çatdırdı.
Görüşdə komitənin üzvü Bəxtiyar Əliyev iştirak edirdi.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU