DEPUTATLARIMIZ QDİƏT PARLAMENT MƏCLİSİNİN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
18 may 2012 | 05:05   
Paylaşın:        

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri,  Parlament Məclisi Sədrinin müavini Asəf Hacıyev, millət vəkilləri Musa Quliyev və Jalə Əliyeva qurumun Baş Assambleyasının 39-cu plenar iclasında iştirak etmək üçün mayın 21-də Ermənistanın Yerevan şəhərinə səfər edəcəklər.
İclasın gündəliyinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə vergi sisteminin təkmilləşdirilməsi, mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair razılaşmanın yerinə yetirilməsi, fasiləsiz təhsil sisteminin tətbiqi, uşaqların hüquqlarının müdafiəsi, üzümçülük və şərabçılığın inkişaf perspektivləri barədə məsələlər daxil edilmişdir.
Tədbirdə Asəf Haciyevin “İnformasiya və kommunikasiya texnologiyaları - davamlı iqtisadi inkişafa yardım” mövzusunda və  “QDİƏT Parlament Məclisinin seçkilərə dair qaydaları” haqqında çıxışları nəzərdə tutulub.
Toplantıda deputatlar Musa Quliyev və Jalə Əliyeva müxtəlif məsələlərlə bağlı məruzələr edəcəklər.
Assambleya çərçivəsində həmçinin qurumun Büro və Daimi Komitəsinin iclasları keçiriləcək, maliyyə və bir sıra təşkilatı məsələlərə  baxılacaq.
Tədbirin sonunda reqlamentə əsasən təşkilata sədrlik Azərbaycana keçəcək.
Səfər mayın 24-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU