MİLLİ MƏCLİSDƏ KOREYA NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

XƏBƏRLƏR
16 avqust 2017 | 11:08   
Paylaşın:        
Avqustun 15-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Birləşmiş Millətlər Təşkilatının keçmiş Baş katibi Pan Gi Mun və Koreya Respublikası Milli Assambleyasının bir qrup deputatından ibarət nümayəndə heyəti ilə görüşdü.
Vitse-spiker Valeh Ələsgərov qonaqları salamlayaraq, səfərin uğurlu keçəcəyinə və qarşıya qoyulan məqsədə nail olacaqlarına ümidini bildirdi.
BMT-nin keçmiş Baş katibi Pan Gi Mun səmimi görüşə görə minnətdarlığını söylədi. O, Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak edən Koreya nümayəndə heyətinə başçılıq etdiyini bildirdi. Diqqətə çatdırıldı ki, 2020-ci ildə Koreyada Skaut Hərəkatının başlamasının 100 illiyi qeyd olunacaq. Qonaq 2022-ci ildə Skaut Konfransının Koreyada keçirilməsi üçün Azərbaycanın dəstəyinə inamını ifadə etdi.
Pan Gi Mun bildirdi ki, bu il Azərbaycanla Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunur, bununla bağlı müxtəlif tədbirlər keçirilir. O, BMT-nin Baş katibi olduğu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırladı. Ölkəmizin dünyada sülhün bərqərar olmasında verdiyi töhfələri təqdir etdi və təşəkkürünü bildirdi.
Pan Gi Mun ilk dəfə Azərbaycanda 2006-cı ildə olduğunu söylədi. Bu müddət ərzində ölkəmizin uğurla inkişaf etdiyini vurğuladı, əldə edilən  nailiyyətləri yüksək dəyərləndirdi. O, ölkə başçısı İlham Əliyevin, Milli Məclisin Sədri Oqtay Əsədovun Koreyaya səfərləri barədə fikirlərini açıqladı.
Söhbəti davam etdirən Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransını böyük hadisə adlandırdı. Diqqətə çatdırıldı ki, cari ilin dekabr ayında Azərbaycanda Skaut Hərəkatının 20 illiyi qeyd olunacaq. O, Konfransın yüksək səviyyədə təşkil olunmasını xüsusi vurğulayaraq, bildirdi ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, siyasi, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıldı.
Görüşdə Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, Koreya Respublikası Milli Assambleyasının deputatları, bu ölkənin Azərbaycandakı səfiri və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU