MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
16 avqust 2017 | 07:08   
Paylaşın:        

Avqustun 16-da Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Polşa Respublikasının təhsil naziri xanım Anna Zalevskanın başçılıq etdiyi  nümayəndə heyəti ilə görüşdü.
Valeh Ələsgərov qonaqları salamlayaraq qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafında əhəmiyyətli olduğunu söylədi. Bu səfərin səmərəli keçəcəyinə ümidvar olduğunu dedi.
Polşanın təhsil naziri xanım Anna Zalevska səmimi görüşə və  qonaqpərvərliyə görə təşəkkürünü ifadə etdi. O, səfərin məqsədinin  Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak etmək olduğunu bildirdi. Polşalı nazir  2023-cü ildə milli skautların görüşünün Polşada keçiriləcəyinə ümid bəslədiyini söylədi. Anna Zalevska Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya səfərini xatırladı və ölkələrimiz arasında əməkdaşlığın dinamik inkişafında əhəmiyyətini vurğuladı.
Görüşdə çıxış edən Polşa Senatının üzvü xanım Malqorzata Kopiczko  Bakının ev sahibliyi etdiyi Skaut Konfransının əhəmiyyəti barədə danışdı və  Polşa Skaut Federasiyasına dəstək vermək üçün bu mötəbər tədbirə qatıldığı qeyd etdi.
Polşa Seyminin deputatı Piotr Cieslinski Azərbaycanın, xüsusilə də  Bakının gözəlliyi barədə xoş təəssüratlarını bölüşdü. Burada gedən sürətli  inkişafın, müasirliyin şahidi olduqlarını bildirdi. Ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə inamını ifadə etdi. Polşalı deputat 2023-cü ildə Skaut Konfransının onun ölkəsində keçirilməsi üçün Azərbaycanın dəstəyinə ümid etdiklərini bildirdi.
Vitse-spiker Valeh Ələsgərov söylədi ki, Bakı hər zaman bir çox  mədəniyyətlərin, millətlərin birgə yaşadığı yer olub və burada həmişə   müxtəlif dini konfessiyalar fəaliyyət göstərib. O, polşalı mütəxəssislərin  Bakının bir sıra memarlıq nümunələrinin inşasında iştirak etdiyini diqqətə çatdırdı. Qeyd edildi ki, 1918-ci ildə milli ordumuzun yaranması prosesində  polşalı mütəxəssislər də iştirak ediblər. Valeh Ələsgərov dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini açıqladı. O, parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirdi.
Görüşdə Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səttar Möhbalıyev, Polşanın ölkəmizdəki müvəqqəti işlər vəkili Andrzey  Jankovski və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU