KOREYA MİLLİ ASSAMBLEYASININ ÜZVLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
17 avqust 2017 | 05:08   
Paylaşın:        

Avqustun 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi  sədrinin müavini  Sevinc  Fətəliyeva  Azərbaycanda  səfərdə olan Koreya Milli Assambleyasının deputatı Li Ju Yanqın  başçılıq  etdiyi  nümayəndə heyəti ilə görüşdü.
Sevinc  Fətəliyeva xalqlarımız arasındakı dostluq  münasibətlərinin  25  illik tarixindən söz  açdı.  O, Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının iştirakçısı olan qonaqlara Azərbaycanın inkişafı, ölkəmizdə Koreya şirkətlərinin fəaliyyəti, parlamentlərarası əlaqələrin   perspektivləri  barədə ətraflı məlumat verdi. Konfransın əhəmiyyətindən danışan Sevinc Fətəliyeva bildirdi ki, bu tədbir ölkəmizlə daha yaxından tanışlığa imkan yaradır. Millət vəkili son illər Azərbaycanın beynəlxalq təhlükəsizlik, tolerantlıq, terrorçuluqla mübarizə mövzularına həsr olunmuş nüfuzlu tədbirlərə ev sahibliyi etdiyini, bu  tədbirlər vasitəsilə ölkəmizin öz layiqli təcrübəsini dünyaya yaydığını vurğuladı. Deputat multikulturalizm ənənələrinin ölkəmizdə dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini diqqətə çatdırdı.
 Sonra Sevinc  Fətəliyeva  Koreya Milli Assambleyasının üzvlərinə Dağlıq Qarabağ münaqişəsi barədə  məlumat verdi. Qeyd edildi ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünlük həyatı yaşayır. Bu problemin öz ədalətli həllini tapmaması bütün  regionun  təhlükəsizliyini təhdid  edir.
Koreya Milli Assambleyasının üzvü Li Ju Yanq ölkəmizə ilk dəfə səfər etdiklərini, Bakının bənzərsiz  memarlıq  üslubunun, şəhərin gecə mənzərəsinin onlarda dərin təəssürat yaratdığını qeyd etdi, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirdi. O, 2023-cü ildə Skaut konfransının Koreyada keçirilməsi üçün Azərbaycan hökumətinin göstərdiyi dəstəyə görə minnətdarlığını dilə gətirdi. Qonaq Azərbaycan-Koreya münasibətlərinin 25 illik yubileyi münasibəti ilə bu il ölkəmizdə “Koreya Mədəniyyəti günləri”nin təşkil ediləcəyini, bu çərçivədə müxtəlif tədbirlərin keçiriləcəyini  məmnunluqla  vurğuladı.
Görüşdə iştirak  edən  millət  vəkili Rasim Musabəyov  parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı fikirlərini  bildirdi.
Söhbət  qarşılıqlı  maraq  doğuran  məsələlər  barəsində  fikir  mübadiləsi ilə davam  etdirildi.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU