KOREYA MİLLİ ASSAMBLEYASININ ÜZVLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
06 sentyabr 2017 | 06:09   
Paylaşın:        

Sentyabrın 6-da Milli Məclisin Koreya ilə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu üzvlərinin ölkəmizdə  səfərdə olan Koreya Milli Assambleyasının sədr müavini Pak Cu-sunun  başçılıq  etdiyi  nümayəndə heyəti ilə  görüşü oldu.
Qonaqları  salamlayan  qrupun rəhbəri,  deputat Malik Həsənov  xalqlarımız  arasında  tarixən  mövcud olan dostluq  əlaqələrindən söhbət  açdı,  Koreya ilə  münasibətlərin gündən-günə inkişaf etdiyini vurğuladı. Millət vəkili  xüsusən müasir texnologiyaların istehsalında bu ölkənin sürətli inkişafının Azərbaycanda diqqətlə izləndiyini və təqdir  edildiyini söylədi. Bildirildi ki, hər iki ölkə zəngin təbii sərvətlərə malikdir və əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı baza var.
İşçi  qrupun  rəhbəri daha  sonra  Azərbaycanın ən ağrılı problemi olan  Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara  ətraflı məlumat  verdi. Qeyd edildi ki,  bu münaqişə regionda sülh  və  sabitliyi  ciddi  təhdid altında  saxlayır. 
Səmimi görüş  və yüksək qonaqpərvərlik üçün  minnətdarlığını bildirən Koreya Milli Assambleyasının sədr müavini Pak Cu-sun ölkələrimiz  arasında  dostluq  münasibətlərinin 25  ildən artıq bir tarixə malik olduğunu dilə  gətirdi, bu səfərin Azərbaycanla yaxından tanış olmalarına yaxşı imkan yaratdığını söylədi. Ölkəmizin beynəlxalq aləmdə  yüksək nüfuza malik olmasının onları sevindirdiyini bildirdi,  iki ölkə arasında  mədəni, humanitar və turizm sahəsində əməkdaşlığın  perspektivlərindən danışdı. O, Azərbaycanın ev sahibliyi etdiyi və iştirakçısı olduğu beynəlxalq tədbirlərdən məmnunluqla söz  açdı, gələcəkdə yeni sahələr üzrə təcrübə mübadiləsini genişləndirməkdə maraqlı olduqlarını söylədi.
Görüşdə müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU