ATƏT PA-NIN SƏDRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
08 sentyabr 2017 | 05:09   
Paylaşın:        

Sentyabrın 8-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvlərinin ölkəmizdə səfərdə olan qurumun  sədri Kristin Muttone ilə  görüşü oldu.
Qonağı salamlayan Milli Məclis Sədrinin müavini, nümayəndə  heyətinin rəhbəri Bahar Muradova  qeyd  etdi ki, Azərbaycan beynəlxalq  təşkilatlarla  münasibətlərə xüsusi önəm  verir. O, ATƏT-Azərbaycan  əməkdaşlığından, regionda gedən proseslərdən söz  açdı, bütün sahələrdə inkişaf edən ölkəmizlə qurum arasında əməkdaşlıq barədə  fikirlərini  bildirdi. Bu səfərin əməkdaşlığın genişlədirilməsi baxımından faydalı olacağına ümidvar olduğunu dedi.
 Vitse-spiker Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı  durumu  haqqında qonağa məlumat  verdi. Əsas diqqəti Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış münaqişənin nizamlanması məsələsinə yönəldərək, problemin qısa zamanda həlli üçün ATƏT-in əməli addımlar atmasının vacibliyini vurğuladı. Münaqişənin region üçün təhlükəsindən danışaraq Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində mütəmadi olaraq təxribatlar törətdiyini və dinc azərbaycanlı sakinləri qətlə yetirdiklərini bir daha qonağın diqqətinə çatdırdı. Qurumun bu  yöndə zəruri  addımlar  atmalı,  Ermənistan  tərəfinə  ciddi  təsirlər  göstərməli olduğunu  dedi.
ATƏT  Parlament  Assambleyasının  sədri  Kristin Muttone Bakıda olduğu müddətdə ölkə  rəhbərliyi  ilə müxtəlif sahələrə dair faydalı müzakirələr apardığını dedi. O, Azərbaycanın qurumla əməkdaşlığını yüksək qiymətləndirdi və Assambleyadakı nümayəndə heyətinin fəal çalışdığını, mühüm təşəbbüslər və qətnamələr irəli sürdüyünü söylədi. Xanım qonaq Azərbaycanın multikulturalizm, tolerantlıq, mədəniyyətlər və dinlərarası dialoqun qurulması sahəsində müsbət təcrübəsi olduğunu vurğuladı. Kristin Muttone Ermənistan – Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin ədalətli  həllinə nail olunması üçün zəruri danışıq mühitinin yaradılmasında əlindən  gələni əsirgəməyəcəyini də qeyd  etdi.
Görüşdə deputat, ATƏT PA-nın  vitse-prezidenti Azay Quliyev, millət  vəkilləri  Kamran Nəbizadə, Tahir  Mirkişili, Elşad Həsənov və  digər  rəsmi şəxslər  iştirak  edirdilər.
Söhbətdə  qarşılıqlı  əhəmiyyət  kəsb edən  bir  sıra  məsələlər barəsində fikir mübadiləsi  aparıldı, hər iki tərəfi maraqlandıran  suallara  cavablar verildi. 

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU