MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
12 sentyabr 2017 | 06:09   
Paylaşın:        

Sentyabrın 12-də Milli Məclis Sədrinin müavini Bahar Muradova Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çyunq Txi Mayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonaqları Azərbaycan parlamentində salamlayan Bahar Muradova qeyd etdi ki, belə görüşlər ölkələrimiz arasında əlaqələrin  möhkəmlənməsinə xidmət edir. Diplomatik əlaqələrin qurulduğu 25 il ərzində Azərbaycan-Vyetnam münasibətləri yüksələn xətt üzrə inkişaf edib. Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq da uğurla inkişaf edir.
 Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlərə toxunan vitse-spiker bütün ölkələrlə siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirdi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək dəyərləndirdi. Münasibətlərin inkişafında Azərbaycanla Vyetnamın dövlət başçılarının, parlament və hökumət rəhbərlərinin qarşılıqlı səfərlərinin rolunu xüsusi qeyd etdi. Ölkələrimiz arasında rəsmi diplomatiya ilə yanaşı parlament diplomatiyasının da mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Vitse-spiker bildirdi ki, Prezident sərəncamına əsasən, gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, o cümlədən Azərbaycan parlamentinin 100 yaşı qeyd olunacaq. Yarandığı gündən ölkənin tərəqqisində mühüm rol oynayan parlamentdə dostluq qruplarının fəaliyyəti də təqdirə layiqdir. Qonaqlara Milli Məclisin tərkibi, komitələri və beynəlxalq əlaqələri barədə məlumat verən Bahar Muradova iqtidar partiyası olan YAP-ın ölkənin tərəqqisində mühüm rol oynadığını, parlamentdə 71 deputatla təmsil olunduğunu da nümayəndə heyətinin nəzərinə çatdırdı.  Dağlıq Qarabağ probleminə toxunaraq Vyetnamın iqtidar partiyasını bu münaqişənin çözülməsinə töhfə verməyə çağırdı.
Görüşdə Vyetnam nümayəndə heyətinin başçısı xanım Çyunq Txi May Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmaqla həllinə tərəfdar olduqlarını bildirdi. Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşən qonaq ölkələrimiz və xalqlarımız arasında mövcud olan ənənəvi dostluq münasibətlərindən söz açdı, Azərbaycanın müxtəlif dövrlərdə Vyetnama verdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi. Münasibətlərin inkişafında Vyetnam xalqının lideri Xo Şi Minin və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mühüm rolu olduğunu qeyd etdi. YAP ilə əməkdaşlığın yaxşı məcrada inkişaf etdiyini söylədi. Vyetnamın iqtisadi potensialından, ticarət imkanlarından söz açan qonaq Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğuladı. Qeyd etdi ki, Azərbaycan Cənub-Şərqi Asiyada Vyetnamı özünün etibarlı tərəfdaşı hesab edə bilər.
Söhbət zamanı xanım Çyunq Txi May Milli Məclisdəki həmkarlarına Vyetnam parlamenti və təmsil etdiyi siyasi partiya  barədə məlumat verdi. Bildirdi ki, ölkəsində qadınların ictimai-siyasi fəaliyyətə cəlb olunmasına xüsusi önəm verilir, Vyetnam parlamentində qadın deputatlar 27 faiz təşkil edir.
Səmərəli fikir mübadiləsi aparılan görüşdə Milli Məclisin Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Məsimli, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, YAP-ın nümayəndələri, Vyetnam KİV-lərinin təmsilçiləri iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU