MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
15 dekabr 2011 | 06:12   
Paylaşın:        

Dekabrın 15-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi üzvlərinin İsrailin Xarici İşlər Nazirliyinin Baş direktoru Rafael Barakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirildi.
Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov qonaqları parlamentdə salamlamaqdan məmnunluğunu ifadə etdi. Azərbaycan və İsrail arasında münasibətlərin yüksək səviyyədə  olduğu bildirildi. Qeyd edildi ki, xalqlarımız arasında səmimi dostluq münasibətləri mövcuddur. Azərbaycanın ictimai həyatında yəhudi icmasının rolu böyükdür. Komitə sədri yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin münasibətlərimizin inkişafında vacib rol oynadığını söylədi.
Görüşdə Ziyafət Əsgərov parlamentlər arasında əlaqələrin əhəmiyyətindən danışdı. Həm Milli Məclisdə, həm İsrail Knessetində dostluq qruplarının fəaliyyətini, deputatların qarşılıqlı səfərlərini yüksək qiymətləndirdi.
Söhbətdə qeyd edildi ki, Azərbaycan beynəlxalq enerji təhlükəsizliyi sisteminə öz töhfələrini verməkdədir. Dünyada baş verən iqtisadi böhrana baxmayaraq, ölkəmizdə yüksək inkişaf templəri  müşahidə olunur.
Birinci vitse-spiker Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi və məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə söhbət açdı, Ermənistanın problemin həllində destruktiv mövqeyini təəssüflə qeyd etdi. O, münaqişənin həllində İsrail tərəfinin öz dəstəyini daha da artıracağına inamını ifadə etdi.
İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Rafael Barak səmimi qəbula görə təşəkkürünü bildirdi. O, dövlətlərimiz arasında münasibətlərin ildən ilə daha da inkişaf etdiyini söylədi. Qeyd edildi ki, Azərbaycan İsraildə dost, strateji partnyor və tolerant ölkə kimi tanınır.
Nümayəndə heyətinin rəhbəri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibəti ilə təbriklərini çatdırdı, bu əlamətdar hadisənin vacibliyini vurğuladı. O, eyni zamanda 2012-ci ildə ölkəmizdə baş tutacaq “Eurovision” mahnı müsabiqəsi barədə fikirlərini açıqladı.
Söhbətdə parlamentlərarası əlaqələrin inkişafı, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU