ATƏT PA-nın XÜSUSİ NÜMAYƏNDƏSİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
26 sentyabr 2017 | 07:09   
Paylaşın:        

Sentyabrın 26-da Milli Məclisin Beynəlxalq münasibətlər və  parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan  ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi  nümayəndəsi  Kristian  Vigeninlə görüşdülər.
Qonaqları komitənin sədr müavini Sevinc  Fətəliyeva salamlayaraq  Azərbaycanın  beynəlxalq  qurumlarla  əlaqələrinin inkişafından  son  zamanlar bu münasibətlərin dərinləşməsindən danışdı. Bildirildi ki, beynəlxalq  qurumların  Azərbaycanla  bağlı  qəbul  etdikləri  sənədlər bəzi  hallarda reallığı əks  etdirmir.  Azərbaycan  regionun  ən stabil, ən inkişaf  etmiş lider  dövlətidir.  Ölkəmiz bu  nailiyyətlərə  çox  mürəkkəb  şəraitdə  nail olub.  25 ildən artıqdır ki, xalqımız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı ağrılı problemlərlə mübarizə aparır.  Torpaqlarımızın 20 faizi Ermənistan  silahlı  qüvvələrinin  işğalı  altındadır.  1  milyondan  artıq  soydaşımız  öz  doğma  el-obasından  qaçqın  və məcburi  köçkünə  çevrilib.  Komitə sədrinin müavini onu  da  vurğuladı ki,  ATƏT-in  Minsk  qrupu  sırf  bu  münaqişə  ilə əlaqədar  yaradılsa  da, konkret  mövqe   nümayiş  etdirmir.
Sevinc Fətəliyeva  Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş münaqişə” adlandırılmasına  da  etirazını  bildirdi. Qeyd  etdi  ki,  cəbhəyanı  təmas  xəttində  erməni  silahlı qüvvələri  tərəfindən hər  gün  təxribat  xarakterli   hadisələr  baş  verir.  Əsgərlərimizn  və mülki  vətəndaşlarımızın öldürülməsinin ardı-arası  kəsilmir.  Bunlara  son  qoyulmalıdır.
Ətraflı məlumat  üçün  təşəkkürünü  bildirən Kristian Vigenin  Azərbaycan  haqqında ətraflı  bilgilərə  malik olduğunu  qeyd  etdi.  Sentyabrın 25-də  Zəngilan rayonundan  qaçqın  düşmüş  insanlarla  keçirdiyi   görüşün onda  böyük  təəssürat oyatdığını  vurğuladı. Qonaq  vurğuladı  ki, olduqca  təsirli  keçən görüşümüzdə  bu insanların çəkdikləri  ağrı-acını öyrəndim. Çox təsirləndim. O, münaqişənin  tezliklə sülh  yolu ilə beynəlxalq  hüquq  normalarına  uyğun şəkildə  həll  ediləcəyinə  ümidvar  olduğunu  dedi.
Söhbətdə  Milli Məclisin deputatları  Sahibə  Qafarova, Bəxtiyar  Əliyev, Azər Kərimli  və  digər  rəsmi şəxslər  iştirak  edirdilər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir  mübadiləsi aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU