ATƏT PA-NIN CƏNUBİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
26 sentyabr 2017 | 06:09   
Paylaşın:        
Sentyabrın 26-da Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Bahar Muradova Azərbaycanın ATƏT və onun bütün qurumları ilə, eləcə də Parlament Assambleyası ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan nümayəndə heyəti bütün səviyyələrdə bu təşkilatın işində yaxından iştirak etməklə ona böyük töhfələr verir. 
Bahar Muradova vurğuladı ki, ATƏT Parlament Assambleyasının, onun sədrinin müxtəlif məsələlər üzrə xüsusi nümayəndələri vasitəsilə ATƏT-in regiondakı problemlərin həllinə çalışması təqdirəlayiqdir və bu xüsusi nümayəndələr içərisində Cənubi Qafqaz üzrə nümayəndənin təyin edilməsi, onun fəaliyyətinə önəm verilməsi çox yaxşı haldır.
Bahar Muradova qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması bütövlükdə ATƏT regionunu təhdid edir. Ona görə də problemin həllinə diqqət daha da artırılmalıdır. Yaxşı haldır ki, ATƏT PA-nın xüsusi nümayəndəsi ilə Minsk qrupunun həmsədrləri öz fəaliyyətləri haqqında bir-birilərini məlumatlandırmaq qərarını veriblər. 
Öz növbəsində ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin diqqətə çatdırdı ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT Parlament Assambleyasının gündəliyində olduqca böyük önəm kəsb edən məsələdir. Parlament Assambleyasının sədri xanım Kristin Muttonenin sentyabrın əvvəlində regiona səfər etməsi bunu bir daha təsdiq edir. 
Qonaq əlavə etdi ki, biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mümkün olan bütün tədbirləri görməliyik. Problemi sülh yolu ilə həll etmək üçün atıla biləcək istənilən addımı dəstəkləməyə hazırıq. Biz mövcud status-kvonun davam etməsinə razı ola, bu məsələyə göz yuma bilmərik. Problemin həllinə nail olmalıyıq.
Görüşdə iştirak edən Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirdi ki, bütün danışıqlar işğalın nəticəsini aradan qaldırmağa, münaqişənin sülh yolu ilə həllinə yönəlib. Sizin vətəndaş cəmiyyətinin sülhyaratma prosesinə cəlb edilməsini dəstəkləməyinizi yüksək qiymətləndiririk. 
Görüşdə ATƏT PA-dakı parlament nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Kamran Nəbizadə, Elşad Həsənov və Ülviyyə Ağayeva iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU