NATO-NUN XÜSUSİ NÜMAYƏNDƏSİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
26 sentyabr 2017 | 07:09   
Paylaşın:        

Sentyabrın 26-da Milli Məclis Sədrinin birinci müavini, Müdafiə  təhlükəsizlik və  korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycanın NATO-da daimi nümayəndə  heyətinin rəhbəri Ziyafət  Əsgərov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya  üzrə  xüsusi  nümayəndəsi  Ceyms  Appaturayla  görüşdü.
Qonağı səmimi salamlayan Ziyafət Əsgərov əsası ümummilli  liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-NATO  əlaqələrinin yüksələn  xəttlə inkişaf   etdiyini  söylədi.  Qeyd  olundu ki, Azərbaycan Prezidenti İlham Əliyev  NATO-nun  8 sammitində  iştirak edib. Ölkəmiz  təşkilatın keçirdiyi  bütün  tədbirlərə qatılır  və bu da  qurumla  münasibətlərimizin  səviyyəsinin  əsas göstəricisidir.  Qeyd  olundu ki, Azərbaycan  NATO  ilə  fərdi əməkdaşlıq  çərçivəsində  əlaqələrə  hər  zaman xüsusi önəm verir. Ziyafət  Əsgərov  NATO-nun sülhməramlı əməliyyatlarında və beynəlxalq təhlükəsizlik proqramlarında  Azərbaycanın  iştirakından  söz  açdı.
Birinci vitse-spiker sonra ölkəmizin bölgədə ərazilərin bölünməzliyi prinsiplərinə sadiq olduğunu vurğuladı. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin  regionun təhlükəsizliyini  ciddi  təhdid  altında  saxladığını  qeyd  etdi.  Bildirildi ki,  BMT Təhlükəsizlik Şurasının, NATO-nun və digər  qurumların qətnamələrinə məhəl qoymayan Ermənistan Azərbaycanın 20  faiz  torpağını 25  ildən  artıqdır ki, işğal  altında  saxlayır.  1 milyondan  çox soydaşımız  qaçqın və  məcburi köçkün  həyatı  yaşayır. NATO-nun bu  sahədə  Azərbaycana  dəstəyini  artırmalı  olduğunu qeyd  olundu.  
Ceyms  Appaturay  təmsil etdiyi qurumla  ölkəmizin təmaslarının intensiv  hal almasından  məmnunluğunu  ifadə  etdi. Qonaq NATO ilə tərəfdaş olan ölkələrin dövlət  idarəçiliyində xalqın tribunası olan parlamentlərin rolundan söz açdı. O, NATO-nun sülhməramlı  əməliyyatlarında  Azərbaycanın iştirakından danışdı  və Əfqanıstanda   təhlükəsizliyin qorunmasına verdiyi dəstəyə görə ölkəmizə minnətdarlığını  bildirdi. Sonra  qonaq  Dağlıq  Qarabağ münaqişəsinin yaratdığı  fəsadlara,  ermənilər  tərəfindən  törədilən faciəli hadisələrə  görə  Azərbaycan  xalqının məyusluğundan  xəbərdar  olduğunu  bildirdi. Problemin  tezliklə  sülh  yolu ilə, beynəlxalq  normalar  çərçivəsində  həllinə ümid  etdiyini  vurğuladı.
Görüşdə qarşılıqlı maraq  doğuran  digər  məsələlər  ətrafında  da  fikir  mübadiləsi  aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU