NİKOLA BRÜL: “Azərbaycan İsveçrə üçün əhəmiyyət kəsb edən tərəfdaşdır”

XƏBƏRLƏR
27 sentyabr 2017 | 02:09   
Paylaşın:        

Sentyabrın 27-də Milli Məclis Sədrinin müavini, İsveçrə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Bahar Muradova İsveçrə Xarici İşlər Nazirliyinin Avropa, Mərkəzi Asiya, Avropa Şurası və ATƏT şöbəsinin rəhbəri Nikola Brülün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonaqları səmimi salamlayan Bahar Muradova Azərbaycanla İsveçrə arasında əlaqələrin yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu dedi. Bildirildi ki, çoxtərəfli əlaqələrimiz qarşılıqlı dostluğa və səmimiyyətə söykənir. Ölkə rəhbərlərinin, parlament sədrlərinin, eləcə də digər siyasi şəxslərin qarşılıqlı intensiv səfərləri və müxtəlif beynəlxalq tədbirlərdə görüşləri dostluq əlaqələrimizin möhkəm olduğunun sübutudur.
 Görüşdə parlamentlərarası əlaqələrin də yüksək səviyyədə olduğu qeyd edildi. Hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərdiyi bildirildi. Bahar Muradova Azərbaycan parlamentində 80-dən çox ölkə ilə dostluq qruplarının olduğunu xatırladaraq, İsveçrə ilə parlamentlərərası əlaqələr üzrə işçi qrupunu ən fəal qruplardan biri kimi təqdim etdi. O, qrupa 21 nəfər deputatın üzv olduğunu diqqətə çatdırdı. Qeyd  olundu ki, elə bu faktın özü münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Sonra  vitse-spiker dedi ki, İsveçrə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır.
İsveçrə Xarici İşlər Nazirliyinin Avropa, Mərkəzi Asiya, Avropa Şurası və ATƏT şöbəsinin rəhbəri Nikola Brül Azərbaycana ilk dəfə səfər etdiyini və bunun onda böyük təəssürat yaratdığını qeyd etdi. O, bildirdi ki, hər iki ölkə parlamentlərində dostluq qruplarının fəaliyyət  göstərməsi əlaqələrimizin dərinləşdirilməsi üçün çox yaxşı zəmin yaradır. Qonaq  bildirdi ki,  İsveçrə parlamenti gələn il dostluq qrupu üzvlərinin Bakıya səfərini planlaşdırır. Parlamentlər arasında yüksək səviyyədə əlaqələrin olması hər iki ölkənin maraq  dairəsindədir. Nikola Brül onu da dedi ki, Azərbaycan İsveçrə üçün böyük əhəmiyyət kəsb edən tərəfdaşdır və bu ölkənin ərazi bütövlüyü bizim üçün önəm daşıyan məsələdir.
Söhbətdə Milli Məclisin deputatları Tahir Mirkişili, Asim Mollazadə, Əflatun Amaşov, ölkəmizin  İsveçrədəki  səfiri Xanım İbrahimova   və  digər  rəsmi şəxslər  iştirak  edirdilər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr  aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU