Deputat Azay Quliyev Qırğızıstanda keçiriləcək prezident seçkilərində ATƏT-in seçki müşahidə missiyasına rəhbərlik edəcək

XƏBƏRLƏR
09 oktyabr 2017 | 05:10   
Paylaşın:        

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev  Qırğızıstan Respublikasında keçiriləcək prezident seçkilərini ATƏT-in seçki missiyasının xüsusi koordinatoru qismində müşahidə etmək üçün oktyabrın 10-da bu ölkəyə səfər edəcək.
Azay Quliyev bu ilin avqustun 9-da ATƏT-in sədri və Avstriya Respublikasının xarici işlər naziri Sebastian Kurz tərəfindən 15 oktyabrda Qırğızıstanda keçiriləcək prezident seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etmək üçün ATƏT-in seçki missiyasının xüsusi koordinatoru vəzifəsinə təyin edilib. O, xüsusi koordinator kimi Avropa Şurasının Parlament Assambleyasını, ATƏT-in Parlament Assambleyasını, Avropa Parlamentini və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən  400-dən artıq beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqələndirəcək.
 ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev səsvermə gününə kimi Qırğızıstanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, seçkilərdə iştirak edən namizədlər və siyasi partiyaların rəhbərləri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə ətraflı tanış olacaq.
Oktyabrın 15-də isə deputatımız seçki məntəqələrində səsvermənin gedişini və səslərin hesablanması prosesini   müşahidə edəcək.
Oktyabrın 16-da ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev prezident seçkilərinin yekununa dair digər beynəlxalq təşkilatların iştirakı ilə mətbuat konfransı keçirəcək,  Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə ilkin rəyini açıqlayacaq  və jurnalistlərin suallarını cavablandıracaq.
Səfər oktyabr ayının 17-i yekunlaşacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU