MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
13 oktyabr 2017 | 05:10   
Paylaşın:        
Ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev oktyabrın 13-də Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşdü.
Qonağı salamlayan Ziyafət Əsgərov ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və Azərbaycanın Bolqarıstanla münasibətlərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırdı.
Bildirdi ki, iki ölkə arasında indiyədək 60 sənəd imzalanmış və bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Azərbaycanla Bolqarıstan arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərini xüsusi qeyd edən Ziyafət Əsgərov bu baxımdan Prezident İlham Əliyevin 2015-ci ilin martında Bolqarıstana səfərinin vacib rol oynadığını bildirdi.
Qonağın diqqətinə çatdırıldı ki, Bolqarıstan Azərbaycanla Avropa strukturları arasında əməkdaşlığın dərinləşməsi baxımından mühüm ölkədir və bu ölkənin 2018-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasında sədrlik etməsinin gözlənilməsi bu önəmi daha da artırır.    
Məlumat verildi ki, 1996-cı ildən etibarən Bakı Slavyan Universitetində bolqar dili tədris olunur və 2004-cü ildən Bolqar dili və mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. 
Ziyafət Əsgərov bildirdi ki, Azərbaycanla Bolqarıstanın parlamentlərarası münasibətləri də yüksək səviyyədədir və hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən qarşılıqlı dostluq qrupları müxtəlif beynəlxalq təşkilatların parlament strukturlarında uğurlu əməkdaşlıq edirlər.  
Milli Məclis sədrinin birinci müavini qonağa Azərbaycanın iqtisadi inkişafı, həyata keçirilən iri neft-qaz layihələri, bu layihələrin regionun və Avropanın enerji təhlükəsizliyinin həyata keçirilməsində rolu barədə məlumat verdi. Bildirdi ki, ölkəmiz iqtisadi inkişafına görə regionda lider olsa da, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu inkişafa maneə törədir. Ermənistan Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlayır və bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri yerinə yetirmir.
Prezident Rumen Radev müxtəlif sahələrdə əməkdaşlığın Azərbaycanla Bolqarıstan arasında əlaqələrin vacib hissəsini təşkil etdiyini diqqətə çatdırdı. Dövlət başçısı bildirdi ki, bu əməkdaşlıq ölkələrimizin daha da yaxınlaşmasına şərait yaradıb. Bolqarıstan Prezidenti onun ölkəsinin mədəni irsinin qorunmasına verdiyi töhfələrə görə Azərbaycan rəhbərliyinə təşəkkür etdi. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Rumen Radev bildirdi ki, Bolqarıstan münaqişənin tezliklə sülh yolu ilə həllinə tərəfdardır. 
Regionda həyata keçirilən iqtisadi layihələrə də toxunan dövlət başçısı qeyd etdi ki, Bolqarıstan “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilməsinə dəstəyini davam etdirir. 
Söhbət zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi də vurğulandı.
Görüşdə Mili Məclis Sədrinin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, hər iki ölkənin səfirləri Maya Hristova, Nərgiz Qurbanova və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU